Niderlandın Baş naziri bu il Azərbaycana səfər edə bilər

Xarici siyasət
  • 29 aprel, 2026
  • 10:24
Niderlandın Baş naziri bu il Azərbaycana səfər edə bilər

Niderlandın Baş naziri Rob Yetten bu il Azərbaycana səfər edə bilər.

"Report" xəbər verir ki, bu barədə Niderland Krallığının səfiri Marian de Yonq bu gün brifiqində bəyan edib.

"Dəvət daxil olub və ümid edirik ki, yeni Baş nazirimiz Rob Yettenin bu il Bakıya səfərini təşkil edə biləcəyik", - o deyib.

Onun sözlərinə görə, ötən il ərzində Azərbaycanla Niderland arasında ikitərəfli münasibətlərdə əhəmiyyətli irəliləyiş əldə edilib və tərəflər bu dinamikanı davam etdirmək niyyətindədirlər.

"Mən fəaliyyətim dövründə bu əlaqələri daha da möhkəmləndirməyi və iqtisadiyyat, siyasət, mədəniyyət və digər sahələrdə əməkdaşlığı inkişaf etdirməyi planlaşdırıram. Ötən il biz əhəmiyyətli irəliləyişin şahidi olduq və bu il, eləcə də bundan sonra bu inkişafı davam etdirmək istəyirik", - o qeyd edib.

Səfir əlavə edib ki, həm texniki, həm də yüksək səviyyədə siyasi dialoq, o cümlədən Niderland Baş naziri ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında təmaslar intensivləşib.

"Baş nazirimiz bu təmasları yüksək qiymətləndirir", - Marian de Yonq vurğulayıb.