"Dövlət müəssisələrinin rəqəmsal monitorinqi" altsistemində qeydiyyatdan keçənlərin sayı açıqlanıb

Maliyyə
  • 08 oktyabr, 2026
  • 15:54
Dövlət müəssisələrinin rəqəmsal monitorinqi altsistemində qeydiyyatdan keçənlərin sayı açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında "Rəqəmsal dövlət maliyyəsi" informasiya sisteminin "Dövlət müəssisələrinin rəqəmsal monitorinqi" altsistemində 1 113 müəssisə qeydiyyatdan keçib, altsistem vasitəsilə 3 298 aylıq və 11 434 rüblük hesabat təqdim olunub.

"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə altsistem vasitəsilə 2026-cı il üçün 950 təsdiqlənmiş büdcə hesabatı, 2027-ci il üçün 885 dividend proqnozu hesabatı, eləcə də növbəti il üçün 1 529 büdcə proqnozu hesabatı təqdim edilib.

"Rəqəmsal dövlət maliyyəsi" informasiya sisteminin Əsasnaməsi ölkə Prezidentinin 26 yanvar 2026-cı il tarixli fərmanı ilə təsdiq edilib. "Dövlət müəssisələrinin rəqəmsal monitorinqi" altsistemi isə dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və dövlət adından yaradılan publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının monitorinqini, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin rüblük əsaslarla monitorinqini və icra göstəricilərinin təhlilini, həmçinin bu məqsədlə müəyyən edilmiş büdcə və maliyyə göstəriciləri barədə məlumatların əldə olunmasını təmin edir.