Çin sammiti öncəsi vəziyyət – beşdən üçə enən güclər
- 18 noyabr, 2026
- 16:49
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu gün Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpinlə Rusiya Prezidenti Vladimir Putin arasında ikitərəfli görüş olub. İki ölkənin lideri 2026-cı ildə üçüncü dəfədir görüşüb.
Vladimir Putin Moskva və Pekinin beynəlxalq məsələlərdə qarşılıqlı əməkdaşlığa sadiq qaldıqlarını bildirərək vurğulayıb ki, RF və ÇXR çoxqütblü dünya nizamının formalaşdırılmasına dair ümumi yanaşmalara riayət edirlər.
Tərəflər əlaqələrinin sabitliyini, çoxqütblü və daha ədalətli dünya nizamının formalaşdırılmasına dair ortaq yanaşmanı müzakirə ediblər. Putin və Cinpin ikitərəfli iqtisadi əməkdaşlığın perspektivləri, o cümlədən 200 milyard dolları ötən ticarət dövriyyəsinin artım dinamikası, Asiya-Sakit okean regionunun iqtisadi inkişafına dair məsələlərdən də danışıblar.
Ehtimal etmək olar ki, iki lider, ilk növbədə, Rusiya-Ukrayna müharibəsindəki vəziyyəti, eləcə də Əbu-Dabidəki son danışıqları, ABŞ-İran münasibətlərini, o cümlədən Hörmüz boğazının açılmasını, habelə Yaxın Şərqə dair aktual mövzuları müzakirə ediblər.
Çin və Rusiya yüksəksəviyyəli siyasi əlaqələrini və rekord ticarət dövriyyəsini qoruyub saxlasalar da, münasibətlərdə maliyyə, ticarət asılılığı və geosiyasi maraqlar baxımından mühüm problemlər mövcuddur. İki ölkə arasında bank-maliyyə sektorundakı problemlər, xüsusən Çin banklarının Rusiyanın eyni təyinatlı qurumları ilə əməliyyata ehtiyatla yanaşması, o cümlədən bir sıra ödənişlərin ləngiməsi və ya geri qaytarılması kimi məsələlərə dair fikir mübadiləsi edildiyi də istisna edilmir. Çünki iş adamları yaranmış vəziyyətə görə vasitəçilərə və barter sxemlərinə üstünlük verirlər. Rusiya ixracatında yuanın payı da əvvəlki dövrlərlə müqayisədə azalıb. Tərəflər arasında ticarət əməliyyatlarında borcların geri alınması ilə bağlı çətinliklər yaranıb.
Bu kimi məsələlər baxımından Rusiya və Çin arasında qarşılıqlı iddialar əsasında müzakirə olunası məsələlər az deyil. Xüsusilə ABŞ-nin RF-yə sanksiyalarını Pekin nəzərə almaya bilmir. Bir sıra hallarda RF-nin maraqlarını isə görməzdən gəlir. Bu göstərir ki, Rusiyanın iqtisadiyyatı indiki şəraitdə daha çox Çindən asılıdır. Federasiyanın Ukraynada apardığı müharibədə Pekinin siyasi, iqtisadi dəstəyi və köməyi Moskva üçün əvəzedilməzdir. Hətta, belə ehtimal etmək olar ki, ÇXR-in RF ilə əlaqələri və əməkdaşlığı məhdudlaşarsa, bu, Ukraynada müharibənin gedişinə ciddi təsir edə bilər.
Belə ehtimal etmək olar ki, ÇXR-RF ikitərəfli sammitində sabahkı üçtərəfli Zirvəyə (ABŞ Prezidenti Donald Tramp ilə - red.) hazırlıq da olub, xüsusən Moskva və Pekin üç liderin müzakirə edəcəyi mövzulara münasibətdə mövqelərini yaxınlaşdırıblar.
Ukrayna və İran ətrafındakı mövcud gərginlik beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Bu baxımdan, Çinin Şençjen şəhərində keçiriləcək görüşdə həmin məsələlərin həlli istiqamətində üçlüyün ortaq məxrəcə gələcəyi, yaxud bu istiqamətdə planlaşdırdıqları addımlar da maraqla izlənilir.
Sual yaranır, üçlük dünyanın iki bölgəsinin - Asiyanın - Yaxın Şərq və Avropanın təhlükəsizliyinə təhdid edən, problem yaradan münaqişələri və müharibəni həll etmək üçün razılığa gələ bilər? Bu məsələlərin həlli, azından bu istiqamətdə atılan addımı beynəlxalq ictimaiyyət təkcə gözləmir, həm də umur.
Noyabrın 19-da Almaniyanın Berlin şəhərində "İstəyənlər koalisiyası"nın da Ukrayna sammiti keçiriləcək. Bu toplantıda 20-dən çox dövlətin lideri Ukraynaya dəstəyi, Kiyevə təhlükəsizlik zəmanətlərini və müharibənin dayandırılması perspektivlərini müzakirə edəcəklər.
Hadisələr göstərir ki, Avropanın Ukraynada problemi həll etmək üçün hələ də konkret sülh planı yoxdur. Bununla belə, onlar ölkənin ərazi bütövlüyü və suverenliyini dəstəkləyirlər.
Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin keçirdiyi görüşdən sonra əsir mübadiləsindən başqa heç bir razılaşmanın əldə edilməməsi problemin güc yolu ilə həll ediləcəyi ehtimalının hələ də gündəlikdə qalacağına əsas verir.
Avropa İttifaqına üzv dövlətlər ayrı-ayrılıqda Ukraynaya müxtəlif məbləğdə yardımlar edirlər. Rusiya ilə danışıqları isə mənasız, nəticəsiz hesab edirlər. Xüsusən Almaniya və Fransa Rusiyanın Ukraynaya müharibəyə başladığı ilk günlərdə buraxdıqları səhvləri düzəltmək üçün Kiyevə yardım və dəstəklərini artırıblar.
Fransa mətbuatı fransız ordusunun aylardır Ukraynada gizli missiya həyata keçirdiyini yazıb. Məlumata görə, "Volia" adlandırılan və bir fransız general tərəfindən idarə olunan bu gizli missiyada əsgərlərin Ukrayna hərbi birliklərinə təlim keçdiyi, hərbi texnikaların xidmətə dəstək verdiklərini bildirib.
Bu təlimatları gizli saymırlar. Çünki Avropa İttifaqının "EUMAM Ukraine" missiyası çərçivəsində Avropa hərbi təlimatçılarının Ukrayna ərazisində olması barədə qərar qəbul edilib. Əvvəllər ukraynalı hərbçilər hazırlığın əhəmiyyətli hissəsini ölkə xaricində, xüsusilə Polşa və Almaniyada keçirirdilər. Missiyanın fəaliyyət müddəti 2028-ci ilin noyabrınadək uzadılıb. Amerikalı təlimatçılar isə Ukraynada hələ 2015-ci ildən fəaliyyət göstərirdi.
RF isə bu təlimatları Ukraynaya dəstək deyil, "savaşda iştirak" olaraq qiymətləndirir.
Avropa İttifaqının bu kimi cəhdləri Ukrayna münaqişəsinin həllində təşəbbüsü ələ almaq cəhdidir. Bununla belə, o münaqişələrin həllində aparıcı yerini tuta bilməyib. Çünki Ukrayna və İran ətrafındakı hadisələr dünyanı tərəflər və daha güclülər arasında bölüb. Avropa İttifaqı və Böyük Britaniya bu oyunlarda aparıcı mövqelərini itirib. Ötən yüz ildə baş verən siyasi qarşıdurma və müharibələrdə Avropa ölkələri, xüsusən Birləşmiş Krallıq güc olaraq qəbul edilir, onunla hesablaşırdılar. Ancaq sovetlər dağıldıqdan, xüsusən son illərdə o, qlobal güc mövqeyini itirməyə başlayıb. Başqa sözlə, Avropa İttifaqı və Böyük Britaniya ABŞ-nin kölgəsindən çıxa bilmirlər.
20-ci əsrin 80-ci illərində dünyada Ştatların və SSRİ kimi iki güc, iki qütb mövcud idi. Onların ətrafında isə müxtəlif bloklar yaradılmış, dövlətlər cəmlənmişdi. Onda həmin dövlətlərin liderlərinin Zirvə görüşünün nəticəsi qlobal miqyasda mövcud münaqişənin həllinə ya yardım edir, ya da gücləndirirdi. Həmin illərdə münaqişələr, qarşıdurmalar daha çox SSRİ ilə ABŞ başda olmaqla Qərb maraqlarından doğurdu. Sovetlərin dağılması ilə ABŞ tək qütb olaraq önə çıxdı. SSRİ-nin varisi Rusiya isə sələfi gücündə ola bilmədi. Əksinə, sovetlərin ətrafına toplananlar ABŞ-yə yön almağa başladılar.
Belə hesab edirlər ki, dünyada güc balansını qlobal "qütb", aparıcı güc kimi 2010-cu ildən Çin tənzimləməyə başlayıb. Bu səviyyəyə o, 1978-ci ildə başlamış iqtisadi islahatlarla çatıb. 2008-ci ildə Qərb ölkələri iqtisadi tənəzzüllə qarşılaşdıqları bir şəraitdə o, iqtisadi böyüməsini qoruyub saxlayaraq qlobal iqtisadiyyatın əsas güclərindən birinə çevrildi. 2010-cu ildə ÜDM-in həcminə görə Yaponiyanı geridə qoyaraq dünyanın ikinci ən böyük iqtisadiyyatı mövqeyini tutdu. Bunun ardınca isə 2013-cü ildən etibarən iddiaları və gücünü gizlətmədi. "Bir Kəmər, Bir Yol" təşəbbüsü ilə Çin bu iddiasını reallaşdırmağa başladı.
Odur ki, Çin indi artıq qlobal miqyasda ABŞ-yə qarşı dura biləcək güc kimi çıxış edir. Əvvəllər Ştatların maraqlarının təmin edilməsində sovetlərin yaratdığı qarşıdurmanı indi ÇXR reallaşdırmağa çalışır. Bu özünü son illər Yaxın Şərqdə, İran-ABŞ qarşıdurmasında və Rusiya-Ukrayna müharibəsində göstərir. Bu problemlərin həll olunmamasında gizli və açıq şəkildə Çinin dəstəyi, bloku bilinir.
Ona görə də ilk dəfə keçiriləcək üçlərin sammitində Ukrayna və İran ətrafında məsələlərin də müzakirə olunacağı gözlənilir. Ancaq həmin görüşün konkret nəticə verəcəyi ehtimalı azdır. Çünki görüşün yekun sənədinin imzalanacağı nəzərdə tutulmur. İkiqütblü dünyada olduğu kimi, bu münaqişələrdə də tərəflərin hər biri maraqlarının təmin olunmasına çalışır. O halda üçlük maraqları tapdanan, pozulan məqamları bir-birinin nəzərinə çatdıra bilər.
Bu güclər BMT Təhlükəsizlik Şurasının da daimi üzvlərindəndir. Bu qurumun beş daimi üzvü var. Belə hesab edilir ki, dünyanı bu beş güc idarə edir. Ancaq Çin sammiti fərqli görüşü də üzə çıxarır. Məlum olur ki, dünya güclərinin sayı beşlikdən üçə enir. Bir sıra hadisələrdə isə bu ABŞ və Çin olaraq iki güc, iki qütb olur. Rusiya düşdüyü vəziyyətə görə Çin üçün ABŞ-yə təzyiq vasitəsi kimi müəyyən mənada sovetləri əvəzləyir. Belə görünür ki, Ştatlar Böyük Britaniya və Fransanı, elə Avropa İttifaqını da qazandıqlarına şərik etmək istəmədiyi üçün tək çıxış edir. Rusiyanın isə bu müstəvidə qalma səbəblərindən biri isə onun nüvə arsenalı ilə də əlaqələndirilə bilər.
Yeri gəlmişkən, dünyada təxminən 12 187 nüvə başlığı var. Bu siyahıda Rusiya 5 500 – 6 250 civarında döyüş başlığı ilə liderdir. ABŞ 5 000 – 5 550 civarında ikincidir. Nüvə silahı arsenalını artıran Çin 410 – 500 döyüş başlığı ilə üçüncü yerdədir. Fransa 290, Böyük Britaniya isə 225 döyüş başlığına malikdir.
Deməli, nüvə başlığı hələ də dünya siyasətində gücləri müəyyən edir. Ona görə də Rusiya və Çin nüvə silahlarının ixtisarı və bu məsələnin müzakirəsində maraqlı deyillər. Yeri gəlmişkən, nüvə başlıqları təhvil verməsi qarşılığında Ukraynanın ərazi bütövlüyü və suverenliyinə təminat verilib.
Beləliklə, qarşıdurmaların həllinə görə daha çox ABŞ və Çin, bir sıra hallarda isə Rusiya da məsuliyyət daşıyır. Beşdən üçə, üçdən ikiyə enən supergüclərin sayının dəyişməsi yaxın dövrdə çətin olacaq. Bunun üçün, ilk növbədə, Böyük Britaniya, Fransa, Almaniyanın qlobal aktorlar sırasına qayıtması vacibdir...