Bu il dövlət hesabına 50 nəfərə sümük iliyi transplantasiyası aparılıb
- 19 noyabr, 2026
- 15:41
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu il dövlət hesabına 50 pasiyentə sümük iliyi transplantasiyası əməliyyatı icra edilib.
"Report" xəbər verir ki, bunu Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayev "Dövlət-biznes əməkdaşlıq forumu" çərçivəsində keçirilən "Qurumların fəaliyyəti, işəgötürənlərlə əməkdaşlıq və əmək bazarının aktual məsələləri" mövzusundakı panel sessiyada açıqlayıb.
Onun sözlərinə əsasən, hazırda xidmətlər zərfində 3318 adda xidmət təqdim olunur:
"Bunlar ümumilikdə ilkin səhiyyə xidmətlərini, ailə həkimlərinin, tibb məntəqələrinin yerlərdə göstərdiyi, həmçinin evlərdə təmin etdiyi xidmətləri əhatə edir. Xidmətlər zərfində ölkədə ən çox tələb olunan xidmətləri icbari tibbi sığorta fondunun maliyyə dəstəyi ilə əhatə etmək niyyətindəyik və bunu strateji hədəf kimi müəyyənləşdirmişik".
Ramin Rzayev qeyd edib ki, xidmətlər zərfinin əhatə dairəsində sümük iliyi transplantasiyası üzrə il ərzində 20 pasiyentə xidmət göstərilməsi nəzərdə tutulurdu:
"Bunlar olduqca yüksək maliyyə resursları tələb edən tibbi xidmətlərdir. Lakin bu il ərzində həmin xidmətin sayı 20-dən 50-yə yüksəldilib. İl ərzində 50 nəfər bu xəstəlikdən əziyyət çəkən pasiyentə icbari tibbi sığorta hesabına sümük iliyi transplantasiyası xidməti göstərilib".
Sədr həmçinin əlavə edib ki, özəl tibb müəssisələrinin agentliyin xidmətlərindən yararlanması və tibbi xidmətlərin göstərilməsi istiqamətində bu əhatəyə qoşulması üçün müraciətlər artıq elektron formatda qəbul olunacaq:
"Yəni müqavilə sistemi artıq hər hansı bir mərkəzə baş çəkməklə, hər hansı bir qovluğa ərizə vermək yolu ilə həyata keçirilməyəcək. Agentliyimiz tərəfindən həmin müraciətlər elektron mühitdə qəbul edilərək dərhal dəyərləndiriləcək, xidmətə uyğunluq barədə qərar qəbul ediləcək və müvafiq müəssisə həmin qərar barədə bildirişi sistem vasitəsilə alacaq".