Rəis müavini: Qanunvericiliyə edilən son dəyişikliklər işçilərin hüquqlarının gücləndirilməsinə yönəlib

Sosial müdafiə
  • 19 noyabr, 2026
  • 15:40
Rəis müavini: Qanunvericiliyə edilən son dəyişikliklər işçilərin hüquqlarının gücləndirilməsinə yönəlib

Əmək sahəsində müvafiq qanunvericiliyə edilən son dəyişikliklər işçilərin əmək hüquqlarının, onların sosial müdafiəsinin gücləndirilməsinə yönəlib.

"Report" xəbər verir ki bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Nərmin Mirzəyeva "Dövlət biznes əməkdaşlıq forumu" çərçivəsində baş tutan "Qurumların fəaliyyəti, işəgötürənlətlı əməkdaşlıq və əmək bazarının aktual məsələləri" mövzusundakı panel sessiyada deyib.

Onun sözlərinə görə, əmək hüquqları ilə bağlı mümkün pozuntuların qarşısı öncədən alınmalıdır:

"Bu gün dövlət və biznes əməkdaş, tərəfdaş kimi layiqli əmək bazarının təminində birgə səy göstərməlidir. Müvafiq qanunvericiliyə edilən son dəyişikliklər ilk növbədə işçilərin əmək hüquqlarının, onların sosial müdafiəsinin gücləndirilməsinə yönəlib. Amma bəzi məsələlər - real praktikada işəgötürənlər üçün problem yaradan boşluqlar bəzi hallarda məsuliyyətə gətirib çıxara bilirdi. Biz o boşluqların tənzimlənməsi üçün də qanunvericiliyə təkliflər irəli sürdük və onların bir çoxu təsdiqləndi".

Rəis müavini əlavə edib ki, əgər iş mühitində hər hansı pozuntu aşkar olunarsa, işəgötürən barəsində inzibati qərar qəbul edilir:

"Lakin qəbul edilən müvafiq qərarda qanunvericiliklə müəyyən edilmiş müddət ərzində işəgötürənə pozuntunu aradan qaldırmaq imkanı yaradılır. Əgər işəgötürən həmin pozuntunu müəyyən edilmiş müddətdə aradan qaldırarsa, cəriməni ödəməkdən azad olunur. Bu da, təbii ki biznes sektoru üçün əlavə maliyyə yükü yaranmasının qarşısını alır".

O əlavə edib ki, əmək hüquqlarının qorunması, onların pozulmasına yol verilməməsi yalnız işəgötürənin öhdəliyi kimi qəbul olunmamalıdır:

"Bu, həm də işəgötürən tərəfindən işçilərin motivasiya səviyyəsinə, əməyin məhsuldarlığına, eləcə də digər işəgötürənlər və sahibkarlarla rəqabətdə dayanıqlılığına, korporativ reputasiyasına və nüfuzuna ciddi təsir göstərir. Xitam maddəsinin səhv rəsmiləşdirilməsi ilə bağlı şikayətlər də olur. Bu zaman işəgötürən deyir ki, yaxşı, mən bunu boynuma alıram və cərimə ödəməmək üçün pozuntuları da aradan qaldırıram, işçini yenidən işə bərpa edirəm. Bəzi hallarda isə işçilər bununla razılaşmırlar. Çox maraqlıdır ki, şikayət edirlər, amma işə qayıtmaq istəmirlər. Deyirlər ki, mənim hüquqlarıma hörmət etməyən işəgötürənlə əmək münasibətlərimi qoruyub saxlamaq istəmirəm".

44 filmi