Dərnəgüldəki obyektdə baş verən yanğın söndürülüb - YENİLƏNİB-9
- 21 yanvar, 2026
- 15:50
Dərnəgüldəki obyektdə baş vermiş yanğın söndürülüb.
Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, FHN tərəfindən Ziya Bünyadov prospektindəki obyektdə baş vermiş yanğın tam söndürülüb.
Yanğın zamanı xəsarət alan olmayıb.
Yanğın nəticəsində ümumi sahəsi 700kv.m olan bir dam altında tikilmiş 7 ədəd tikinti materiallarının satışı mağazalarından 2 ədəd mağaza və bitişik ümumi sahəsi 200kv.m olan anbar (ümumi 400kv.m) yanıb. Bitişik mağazalar və müxtəlif təyinatlı obyektlər yanğından mühafizə olunub.
Bakının Nərimanov rayonu, Ziya Bunyadov prospektində iki tikinti materialları mağazası və anbar yanıb.
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğınsöndürmə Qərargahının rəis müavini Ruslan Pirəlizadə deyib.
O bildirib ki, FHN-in "112" qaynar telefon xəttinə Bakının Nərimanov rayonu, Ziya Bunyadov prospektində, obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub və əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub:
"Əraziyə nazirliyin qüvvələri cəlb olunub. Yanğın nəticəsində iki ədəd sahəsi 240 kvadrat metr olan tikinti məhsulları satılan mağaza və arxasında 200 kvadrat metr sahəsi olan tikinti materialları anbarı yanıb. Digər mağazalar yanğından mühafizə olunub. Yaxınlıqdakı digər mağzalardakı materiallar çıxarılıb. Yanğın zamanı xəsarət alan olmayıb. Əsas yanan məhsullar boya məhsulları olub. Yanğının başvermə səbəbləri araşdırılır".
Qeyd edək ki, FHN-nin yaydığı məlumata əsasən, obyektdə baş vermiş yanğın mürəkkəbliyinə baxmayaraq daha geniş sahəyə yayılmasına imkan verilmədən məhdudlaşdırılıb.
Həyata keçirilən tədbirlər çərçivəsində FHN-in qüvvələri tərəfindən yanğın ərazisində sahibkarlara məxsus mal-materialların yanğından qorunması məqsədilə təhlükəsiz əraziyə daşınması təmin olunub.
Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
Dərnəgüldəki obyektdə baş vermiş yanğının söndürülməsi əməliyyatı davam edir.
"Report" xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Qeyd olunub ki, yanğınla mübarizə tədbirlərinə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin ümumilikdə 18 ədəd texnika və 70 nəfərdən ibarət canlı qüvvəsi cəlb olunub.
Eyni zamanda yanğınla əlaqəli nazirliyin qərargahı yaradılıb.
Təcili tibbi yardım briqadası Dərnəgüldəki yanğınla bağlı 1 nəfərə yerində ilkin tibbi yardım göstərib.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib.
Bakının Nərimanov rayonu, Ziya Bunyadov prospektində yanan obyektin yaxınlığındakı mağazalar təxliyə edilir.
"Report"un məlumatına görə, hazırda ərazidə yanğınsöndürmə işləri aparılır.
Hazırda yanğının digər mağazalara keçməsinin qarşısının alınması üçün yanğınsöndürmə işləri həyata keçirilir.
Havanın küləkli olması yanğının söndürülməsi işlərini çətinləşdirsə də ərazinin bütün perimetri boyu yanğına fəal müdaxilələr edilir.
"Report" xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Qeyd olunub ki, yanğının söndürülməsi üçün əraziyə FHN-in kifayət qədər texnika və canlı qüvvəsi cəlb olunub.
Bakının Nərimanov rayonu, Ziya Bunyadov prospektində yanğın baş verən obyekt tikinti materialları mağazasıdır.
"Report"un məlumatına görə, hazırda ərazidə yanğınsöndürmə işləri aparılır.
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri obyektdə baş vermiş yanğının yayılmasının qarşısını alıb.
FHN-dən "Report"a verilən məlumata görə, hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Dərnəgüldə obyektdəki yanğınla əlaqəli polis əməkdaşları dərhal əraziyə cəlb olunublar.
"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Hadisə yerində vətəndaşların təhlükəsiz şəkildə təxliyə olunması, ərazinin nəzarətə götürülməsi, həmçinin yanğınsöndürmə-qurtarma qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri operativ tədbirlər görülür.
Bundan başqa, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) yaydığı məlumata görə, yanğın səbəbindən metronun "20 Yanvar" və "Koroğlu" stansiyaları istiqamətində nəqliyyat sıxlığı yaranıb.
Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması və hərəkətin tənzimlənməsi məqsədilə zəruri tədbirlər görülür.
Bakının Nərimanov rayonu, Ziya Bunyadov prospektində (Dərnəgül), ilkin məlumata əsasən obyektdə yanğın başlayıb.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.