Bakı. 27 oktyabr. REPORT.AZ/ Yunanıstanda baş vermiş 6,9 maqnituda gücündə zəlzələ nəticəsində Strofadiya pravoslav kilsəsi zərər çəkib.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Ekklisia Online" nəşri məlumat yayıb.
"5,1 və 6,9 maqnituda gücündə zəlzələlər cümə günü səhər Zakintos adasının cənub-qərbində baş verib. Qülləsi tamamilə dağılan Strofadiya kilsəsi zəlzələnin episentrinə düşüb. Bəzi rayonlarda hündürlükdən daşlar tökülüb və elektrik xətləri qırılıb", - deyə nəşr yazır.
Yunanıstanın Mülki Müdafiə Məsələləri üzrə Baş Katibliyinin məlumatına görə, zərərçəkənlər barədə məlumat daxil olmayıb.
Cümə gününə keçən gecə İonika dənizinin Patra şəhərindən 122 km cənub-qərb hissəsində 6,9 maqnituda gücündə zəlzələ olub.
Qeyd edək ki, bu gecə Azərbaycanın Qəbələ rayonu ərazisində də zəlzələ baş verib.