Qüds sakinləri: İsrailin başqa çıxış yolu yox idi
- 13 iyun, 2025
- 17:46
Qüdsün yəhudi sakinləri İran məsələsində İsrailin hərəkətlərinə tam dəstək ifadə ediblər.
"Report"un məlumatına görə, şəhər sakinləri "AnewZ" telekanalına müsahibələrində belə fikirlər səsləndiriblər.
Yerli sakin Ora Rivalın sözlərinə görə, İrana zərbə gözlənilən addım idi: "Mən çox erkən oyandım və İsrail ordusunun İrana zərbə endirdiyini eşitdim və bundan çox məmnun oldum. Biz həqiqətən bunu gözləyirdik. Mən İsrail Hərbi Hava Qüvvələrinin bütün əsgərlərini sevirəm. Bir zamanlar mən özüm də orduda xidmət etmişəm - çox illər əvvəl. Mən ordumuzun bu əməliyyatda uğur qazanmasını arzulayıram".
Şəhərin digər sakini Elenor Skutts qeyd edib ki, İsrail hərəkət etmək məcburiyyətində qalıb.
"Hesab edirəm ki, bizim sadəcə başqa seçimimiz yox idi. Bu, son anda qəbul edilmiş qərar idi, lakin o zəruri idi. Biz İranın hər hansı addımlar atmasını gözləyə bilmərik - o zaman artıq çox gec ola bilər", - deyə o vurğulayıb.
Qeyd edək ki, iyunun 13-nə keçən gecə İsrail İrana qarşı "Rising Lion" əməliyyatını həyata keçirib. İsrail Hərbi Hava Qüvvələri xüsusilə İranın hərbi və nüvə obyektlərinə zərbələr edindirib. Nəticədə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun (SEPAH) rəhbəri, bir sıra digər hərbi rəhbərlər, həmçinin nüvə sahəsi üzrə alimləri həlak olub. Bundan başqa, hücumlar nəticəsində İranın mülki əhalisi arasında da ölənlər var.
İsrail Müdafiə Qüvvələrinin nümayəndəsi bildirib ki, İranın nüvə və ballistik raket potensialının məhv edilməsi əməliyyatı bir neçə gün davam edəcək. Öz növbəsində, İranın Baş Qərargahı İsrailə cavab zərbələri endirilərkən heç bir məhdudiyyət qoyulmayacağını bəyan edib.