Yuxarı
    Bağlamaq

    Yanvarda BMT Təhlükəsizlik Şurasında müzakirə ediləcək əsas mövzular açıqlanıb

    Qazaxıstan ilk dəfə Təhlükəsizlik Şurasına sədrlik edir

    Bakı. 3 yanvar. REPORT.AZ/ Nüvə silahlarının yayılmaması yanvar ayında BMT Təhlükəsizlik Şurasında əsas müzakirə mövzularından biri olacaq.

    "Report" BMT-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın BMT-dəki daimi nümayəndəsi Kayrat Umarov təşkilatın Nyu-Yorkdakı qərargahında keçirdiyi mətbuat konfransında bildirib.

    Səfir Təhlükəsizlik Şurasının yanvar ayı üçün fəaliyyətindən danışıb, o cümlədən yanvarın 18-də Şurada kütləvi qırğın silahlarının yayılmamasına həsr olunmuş yüksək səviyyəli tematik brifinq keçirəcəyini bildirib. Onun sözlərinə görə, brifinqdə bir sıra ölkələrin dövlət başçıları və nazirləri iştirak edəcəklər. Brifinqdə Qazaxıstan prezidenti Nursultan Nazarbayev də çıxış edəcək.

    Qeyd edək ki, yanvarın 19-da Qazaxıstanın xarici işlər naziri Kayrat Abduraxmanov Təhlükəsizlik Şurasında Əfqanıstan və Mərkəzi Asiya ölkələri ilə regional əməkdaşlığın gücləndirilməsinə həsr olunmuş nazirlər səviyyəsində müzakirələrə sədrlik edəcək. İclasda BMT-nin baş katibi Antoniu Quterriş çıxış edəcək.

    Qazaxıstan səfirinin sözlərinə görə, TŞ-nin yanvar ayı üçün işgüzar gündəmindəki üçüncü mühüm mövzu Yaxın Şərq, o cümlədənm Fələstin məsələsi olacaq. Umarov TŞ üzvlərinin həmçinin Suriyadakı vəziyyəti müzakirə edəcəyini də söyləyib.

    Xatırladaq ki, Qazaxıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü olub və ilk dəfə Şuraya sədrlik edir. Qazaxıstan həmçinin TŞ-nin qeyri-daimi üzvü seçilmiş ilk Mərkəzi Asiya ölkəsi olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi