Bakı. 9 may. REPORT.AZ/ Liberiyada Ebola virusunun törətdiyi xəstəlik epidemiyasının qarşısı tamamilə alınıb. "Report" BBC-yə istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölkənin Ebola virusundan azad olunduğunu bəyan edib.
Beləliklə, ÜST "Sərhədsiz həkimlər" beynəlxalq təşkilatının məlumatını təsdiqləyib. Məlumata əsasən, Liberiyada son 42 gün ərzində (martın 27-dən) yeni yoluxma halları qeydə alınmayıb. Ötən ilin sentyabr ayında bu ölkədə bu virus hər həftə təxminən 400 nəfərdə aşkarlanıb.
Afrika ölkələrində yayılan Ebola virusu 11 min nəfərin həyatına son qoyub. Yoluxma halları bu günə qədər Syerra-Leona və Qvineyada qeydə alınır.