Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Beyrut dəniz limanında baş verən partlayışdan sonra Livan əhalisinə təcili tibbi yardım göstərmək üçün beynəlxalq ictimaiyyəti 15 milyon ABŞ dolları ayırmağa çağırıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə təşkilatın rəsmi nümayəndəsi Kristian Lindmayer Cenevrədə keçirdiyi brifinqdə söyləyib.
O, bu vəsaitin yaralıların müalicəsi, səhiyyə sahəsində humanitar ehtiyacların ödənilməsi və ölkədə pandemiyaya qarşı mübarizəni davam etdirmək üçün istifadə ediləcəyini vurğulayıb.
K.Lindmayer bildirib ki, Beyrut limanında baş verən partlayış nəticəsində ÜST-nin içərisində tibbi materiallar olan 17 konteyneri tamamilə məhv olub.
“Fərdi qoruyucu vasitələr tamamilə yanıb. Koronavirus xəstələrini müalicə edən tibbi personalın buna ehtiyacı var. Yaralıları qəbul edən xəstəxanalar tibbi ləvazimatlara ehtiyac duyurlar. Yaralıların çox olması səbəbindən çarpayılar da tam dolub, üç xəstəxana tam, ikisi isə qismən dolub”, - o deyib.