UNESCO-nun Dünya İrs Komitəsinin 44-cü iclası iyulun 16-dan 31-dək Çinin Fuçjou şəhərində onlayn formatda keçiriləcək.
“Report” xəbər verir ki, bu barədə BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) Parisdəki qərargahı cümə günü məlumat yayıb.
Məlumata görə, sessiya COVID-19 pandemiyası səbəbindən ötənilki illik iclasın təxirə salınması ilə keçən ildən qalan həll olunmamış məsələləri və cari işləri əhatə edəcək. Genişləndirilmiş iclasa Çinin təhsil nazirinin müavini və Çinin UNESCO üzrə Milli Komissiyasının direktoru Tyan Syuetszyun sədrlik edəcək.
UNESCO-nun baş direktoru Odre Azule iyulun 16-da komitənin, o cümlədən Dünya İrs Siyahısına daxil edilmiş 255 obyektin qorunma vəziyyətinin araşdırılacağı açıq sessiyada iştirak edəcək. Bu obyektlərdən 53-ü təhlükədə olan Dünya İrs Siyahısına daxildir.