Bakı. 23 dekabr. REPORT.AZ/ Ukrayna Ali Radası dövlət başçısının təklifi ilə ölkənin blokdan xaric statusundan imtina və NATO-ya daxil olma kursunun bərpa olunmasını nəzərdə tutan qanun qəbul edib. "Report" "RİA Novosti"yə istindaən xəbər verir ki, ölkə parlamentinin iclasında bu qərarı tələb olunan 223 səs əvəzinə 303 deputat dəstəkləyib.
Qanun rəsmi mətbuatda dərc olunduğu gündən sonrakı gün qüvvəyə minəcəyi ehtimal edilir.
Sənədin məqsədi suverenliyin, təmin olunması, ərazi bütövlüyünün müdafiəsi və Ukraynanın müstəqilliyinin təmin olunmasının əlavə mexanizmlərinin yaradılmasıdır.
Qeyd edək ki, Ukrayna prezidenti Pyotr Poroşenko bir müddət əvvəl bəyan edib ki, ölkənin blokdan xaric statusu dövlətin təhlükəsizliyini təmin edə bilməyib və ondan imtina etmək lazımdır. Bununla belə dövlət başçısı qeyd edib ki, NATO-ya daxil olmaq haqqında qərarı Ukrayna xalqı referendumda qəbul edəcək. Blokdan xaric status 2010-cu ildən Ukraynanın xarici siyasətinin əsasları və milli maraqlar prioritetləri haqqında qanunda yazılıb.