Ukrayna prezidenti Vladimir Zelenski Ali Radanı (parlamenti) vaxtından əvvəl buraxacaq.
“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu dövlət başçısı vəzifəyə gəldikdən sonra deputatlar qarşısındakı nitqi zamanı bildirib.
O, həmçinin millət vəkillərinin toxunulmazlığını ləğv etməyə, güc qurumlarının başçılarını da istefa verməyə çağırıb.
Yeni prezident V.Zelenski ilk vəzifəsinin ölkənin şərqindəki münaqişəyə son qoymaq olduğunu, bunun naminə ali vəzifəsindən getməyə belə hazır olduğunu, işğal edilmiş torpaqları geri qaytarmağa çalışacağını diqqətə çatdırıb.
“Qəhrəman oğullarımızın bir daha həlak olmaması üçün hər şey etməyə hazıram, bunun üçün zəif qərarlar verməyəcəyim qətidir. Sülhün bərqərar olması üçün rəğbətimi və reytinqlərimi itirməyə, lazım gələrsə, düşünmədən vəzifəmi də itirməyə hazıram”, – Ukrayna prezidenti vurğulayıb.
V.Zelenski ukraynalıların “xalis” və “qüsurlu” deyə ayırmalarına qarşı çıxaraq, ordunun nüfuzunu qaldırmaq üçün əlindən gələni əsirgəməyəcəyini söyləyib.