Yuxarı

Trampı öldürmək niyyətini etiraf edən britaniyalıya qarşı rəsmi ittiham irəli sürülüb

Maykl Sendford 10 il müddətinə azadlıqdan məhrum edilə və 750 min dollar məbələğədək cərimələnə bilər

Bakı. 30 iyun. REPORT.AZ/ ABŞ prokurorluğu Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd olmağa iddia edən Donald Trampı güllələmək niyyətini etiraf edən 20 yaşlı britaniyalı Maykl Sendforda qarşı rəsmi ittiham irəli sürüb.

"Report" BBC-yə istinadən xəbər verir ki, M.Sendford qanunsuz şəkildə odlu silah əldə etmək cəhdində və dövlət tədbiri zamanı ictimai asayişi pozmaqda ittiham edilir.

O, həmçinin qanunsuz şəkildə ABŞ-da yaşamaq ittihamıyla da üz-üzə qalıb.

Xatırladaq ki, M.Sendford iyunun 18-də Donald Trampın Las-Veqasdakı seçkiqabağı mitinqi zamanı xüsusi xidmət orqanlarının əməkdaşının tapançasını ələ keçirmək istəyərkən həbs edilmişdi.

Məhkəmə onu günahkar saysa, britaniyalı gənc 10 il müddətinə azadlıqdan məhrum edilə və ittiham olunduğu hər maddə üzrə 250 min dollar (toplamda 750 min dollar - red.) məbləğədək cərimələnə bilər.

Britaniya mətbuatının yazdığına görə, M.Sendford psixi pozuntudan əziyyət çəkir. Belə ki, ona Asperger sindromu və sayrışan hallar nevrozu diaqnozu qoyulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi