Pandemiya dövründə Avropa İttifaqı (Aİ) ölkələri ən azı 40 min qaçqının Avropaya girişinin qarşısını qanunsuz olaraq alıb və bu, 2 mindən çox insanın ölümünə səbəb olub.
“Report” xəbər verir ki, bu barədə “The Guardian” qəzetinin BMT qurumları və qeyri-hökumət təşkilatlarının (QHT) məlumatlarına əsaslanan araşdırmasında deyilir.
Nəşr yazır ki, son onilliklərin ən böyük kütləvi deportasiya əməliyyatlarından biri çərçivəsində Avropa ölkələri Aİ-nin Sərhəd və Sahil Mühafizəsi Agentliyinin (Frontex) dəstəyi ilə, uşaqlar da daxil olmaqla, minlərlə müharibə qaçqını sistematik şəkildə sıxışdırıb, həbs və ya daşınma zamanı insanlara qarşı qanunsuz zorakılıq və amansızlıq taktikalarını tətbiq edib.
2020-ci ilin yanvarından etibarən miqrant sayında azalma olmasına baxmayaraq, İtaliya, Malta, Yunanıstan, Xorvatiya və İspaniya miqrasiya siyasətlərini sərtləşdirib.
Yeni koronavirusun qarşısını almaq üçün sərhədlərin qismən və ya ümumiyyətlə bağlanmasından sonra, bu ölkələr miqrantları daşıyan gəmilərini ələ keçirmək və qaçqınları həbs mərkəzlərinə göndərmək üçün özəl gəmiləri cəlb ediblər.
Qəzet qeyd edir ki, insanların döyüldüyü və ya sərhəddə qarət edildiyi barədə məlumatlar yayılıb.