Bakı. 13 aprel. REPORT.AZ/ Suriya Qərb ölkələrinin iddiasına görə, Xan-Şeyxun şəhərinə hücum zamanı tətbiq olunan zəhərli zarin maddəsinin saxlanılıb-saxlanılmamasını yoxlamaq üçün Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatın (KSQT) ekspertlərini Şayrat aviabazasına buraxmağa hazırdır.
"Report" xəbər verir ki, bunu Suriyanın BMT yanındakı daimi nümayəndəsi Bəşər Cəfəri qurumun Təhlükəsizlik Şurasının iclasında deyib.
O bildirib ki, Dəməşq KSQT-nin direktoru Əhməd Uzümçüyə məktub ünvanlayaraq məhz nəyin baş verdiyini müəyyən etmək üçün Xan-Şeyxun şəhərinə və Şayrat aviabazasına qərəzsiz və peşəkar missiya göndərməsini xahiş edib.