Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin Tibetdəki zəlzələdən sonra axtarış-xilasetmə işlərinin aparılması və itkilərin minimuma endirilməsi üçün bütün səylərin göstərilməsini tapşırıb.
“Report” Xinhua agentliyinə istinadən xəbər verir ki, bu barədə ÇXR liderinin yaydığı bəyanatda bildirilib.
"Axtarış-xilasetmə işlərinin aparılması, zərərçəkənlərə yardım göstərilməsi, tələfatın minimuma endirilməsi, təbii fəlakətdən zərər çəkənlərin lazımi şəkildə yerləşdirilməsi, fəsadların aradan qaldırılması üzrə keyfiyyətli işin aparılması üçün bütün səylər göstərilməlidir", - o bildirib.
O, həmçinin vurğulayıb ki, zəlzələlərin monitorinqi və erkən xəbərdarlığının gücləndirilməsi, zədələnmiş infrastrukturun mümkün qədər tez bərpa edilməsi, insanların həyatı üçün əsas şəraitin təmin edilməsi, onların qışı isti və təhlükəsiz keçirməsinin təmin edilməsi vacibdir.
Tibet Muxtar Rayonunun (TMR) Şiqadze dairəsinin Tinqri qəzasında 6,8 maqnitudalı zəlzələ baş verib, zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib. Hökumət 53 nəfərin öldüyünü, daha 62 nəfərin müxtəlif dərəcəli xəsarət aldığını təsdiq edib. Zəlzələdən sonra seysmoloqlar 49 afterşok qeydə alıblar.