Bakı. 25 oktyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman əs-Səud bildirib ki, yaxın 5 il ərzində Yaxın Şərqin iqtisadiyyatını dəyişəcək və regionu yeni Avropaya çevirəcək.
“Report” TASS-a istinadən xəbər verir ki, o bunu Ər-Riyadda keçirilən “Future İnvestment İnitiative” investisiya forumunda çıxışı zamanı deyib.
"Mən inanıram ki, yeni Avropa Yaxın Şərqdir. Səudiyyə Ərəbistanı Krallığı 5 ildən sonra tamamilə başqa cür olacaq. Bəhreyn, Küveyt və hətta Qətər də, iqtisadiyyatlarımızın fərqli olmasına baxmayaraq, tamamilə dəyişəcək, İordaniya, Misir, İraq — əgər biz beş il içində müvəffəq ola bilsək, dirçəliş burada, Yaxın Şərqdə baş verəcək", — deyə o bildirib.
Şahzadənin sözlərinə görə, o, Yaxın Şərqi daha "dünyanın qurtaracağı"nda görmək istəmir.
Bundan əvvəl bir çox nüfuzlu KİV və iş adamları Səudiyyə Ərəbistanında keçirilən “Future İnvestment İnitiative” forumunda iştirakdan imtina edib.