Sabah Rumıniyada yerli özünüidarəetmə orqanlarına seçkilər keçiriləcək

Sabah Rumıniyada yerli özünüidarəetmə orqanlarına seçkilər keçiriləcək Namizədlərin seçkiqabağı təbliğat-təşviqat kampaniyası başa çatıb
Digər ölkələr
4 İyun , 2016 16:21
Sabah Rumıniyada yerli özünüidarəetmə orqanlarına seçkilər keçiriləcək

Buxarest. 4 iyun. REPORT.AZ/ Rumıniyada namizədlərin seçkiqabağı təbliğat-təşviqat kampaniyası başa çatıb. 

"Report"un Şərqi Avropa müxbiri xəbər verir ki, kampaniyaya bu gün Bakı vaxtı ilə səhər saat 08:00-da seçkilərə 24 saat qalmış yekun vurulub.

Rumıniyanın daxili işlər naziri Petre Toba mətbuat konfransında bildirib ki, bələdiyyə seçkiləri ilə bağlı keçirilən seçkiqabağı təbliğat-təşviqat kampaniyası insidentsiz başa çatıb: "Əməkdaşlarımız tərəfindən kampaniya çərçivəsində qeydə alınan cinayətlərin sayı 2012-ci ildə keçirilən seçkilərlə müqayisədə 76% azalıb. Seçkilərin yüksək səviyyədə keçirilməsi və təhlükəsizliyin təmin edilməsi məqsədilə 65 mindən çox polis cəlb olunub. Məntəqələrin təhlükəsizliyini isə 23 mindən çox polis və təhlükəsizlik qüvvələri qoruyacaqlar".

Rumıniya prezidenti Klaus Yohannis "Facebook" səhifəsindəki videomüraciətində xalqı seçkilərdə fəal iştirak etməyə çağırıb. "Sizləri bazar günü keçirilən yerli seçkilərə dəvət edirəm. Layiqli namizədinizi seçib ona səs verin”.

Qeyd edək ki, iyunun 5-də Rumıniyada yerli özünüidarəetmə orqanlarına (bələdiyyə) seçkilər keçiriləcək. Ölkənin 41 rayonun 3 200 şəhər və yaşayış məntəqələrində ümumilikdə 18 mindən çox seçki məntəqələri hazırlıq vəziyyətinə gətirilib. Seçkilərdə 18 milyon seçici mer, rayon bələdiyyə sədrlərini seçəcək. Həmçinin, 12 namizəd arasından Buxarestin meri və 70-ə yaxın namizəd arasından paytaxtın 6 sektorunun bələdiyyə sədrləri də seçiləcək. Rumıniya Mərkəzi Seçki Bürosunun rəsmi saytına əsasən, indiyədək 267 239 namizəd qeydə alınıb, onlardan 210 097 nəfəri kişi, 57 142-si isə qadındır. Seçki məntəqələri iyunun 5-də saat 07:00-da açılacaq və axşam 21:00-da bağlanacaq. 

Seçki prosesində seçki saxtakarlığının - 1 şəxsin bir neçə dəfə səsverməsinin qarşısının alınması məqsədilə ilk dəfə olaraq bütün məntəqələr kompüterləşdirilib. Hər bir məntəqədə xüsusi tablet quraşdırılıb və seçicilər məntəqəyə daxil olan zaman şəxsiyyətlərini təsdiq edən sənəd “scan” olunacaq.

Seçki məntəqələrində hər hansı bir qanun pozuntusu baş verərsə və ya seçkilərin nəticələri ləğv olunarsa, iyunun 19-da təkrar seçkilər keçiriləcək. 

Xatırladaq ki, yerli seçkilərin təşkili, hazırlıq və yüksək səviyyədə keçirilməsi üçün dövlət büdcəsində təqribən 351 milyon lei (78 mln. avro) vəsait ayrılıb.

Seçki prosesinin gedişatını “Report” İnformasiya Agentliyi də daxil olmaqla, 250-dən çox yerli və xarici KİV nümayəndələri izləyəcəklər.

Son xəbərlər

Orphus sistemi