Bakı. 31 oktyabr. REPORT.AZ/ Prezident Vladimir Putin Rusiya və ABŞ arasında plutoniumun utilizasiyası (idarə olunması) barədə sazişin dayandırılması haqqında federal qanun imzalayıb.
"Report" "Qazeta.Ru"ya istinadən xəbər verir ki, müvafiq sənəd rəsmi hüquqi informasiya internet portalında dərc edilib.
"Vəziyyətin kökündən dəyişməsi, ABŞ-ın Rusiyaya qarşı dostcasına olmayan hərəkətləri nəticəsində strateji sabitliyin təhlükə altına düşməsi ilə əlaqədar sazişin qüvvədə olması dayandırılsın" - qanunun mətnində deyilir.
Sənəddə həmçinin sazişin ABŞ tərəfinin silah plutoniumunun utilizasiyası üzrə öhdəlikləri yerinə yetirmədiyinə görə dayandırıldığı bildirilib.
Qeyd edək ki, sənəd oktyabrın 19-da Dövlət Duması tərəfindən qəbul edilib və oktyabrın 26-da Federasiya Şurası tərəfindən təsdiqlənib. Qanun oktyabrın 31-də imzalanıb və dərc edildiyi gündən qüvvəyə minib.