Yuxarı
    Bağlamaq

    Rumıniyanın iri şəhərlərində kütləvi etiraz aksiyaları keçirilib

    Paytaxtda təşkil olunan mitinqə 50 mindən çox insan qatılıb

    Buxarest. 30 yanvar. REPORT.AZ/ Rumıniyanın paytaxtı Buxarestdə və ölkənin 10-dan çox digər iri şəhərində kütləvi etiraz aksiyaları keçirilib.

    “Report”un Şərqi Avropa bürosunun məlumatına görə, paytaxtda təşkil olunan mitinqə 50 mindən çox insan qatılıb.

    Hökumət evi və Ədliyyə Nazirliyinin binaları qarşısında keçirilən aksiyalarda etirazçılar yeni hökumətin təcili surətdə hazırladığı 2 qanun layihəsinin – Amnistiya aktı və Cinayət qanunvericiliyinə (Cinayət Məcəlləsi və Cinayət-Prosessual Məcəlləyə) dəyişikliklərin edilməsinə etirazlarını bildiriblər.

    Onların fikrincə hökumətin hazırladığı qanun layihələri korrupsiyaya qarşı mübarizəyə yox, əksinə korrupsionerlərin müdafiəsini və onların cinayət məsuliyyətindən yayınmasını nəzərdə tutur.

    Amnistiya aktı 5 ilə qədər azadlıqdan məhrumetmə cəzasına məhkum olunan şəxslərə, hamilə qadınlara, himayəsində azyaşlı uşağı olan qadınlara şamil olunacaq. Bununla yanaşı şərti azadlıqdan məhrum edilmiş şəxslərin üzərindən məhkumluğun da götürülməsi nəzərdə tutulur. Digər qanun layihəsinə əsasən isə dövlət məmuru tərəfindən dövlətə vurulmuş ziyan 45 min avro dəyərindən az olarsa, həmin şəxsə korrupsiya maddəsi üzrə cinayət işi açıla bilməz.

    Xatırladaq ki, ötən bazar da paytaxt Buxarest və Rumıniyanın bir çox şəhərində analoji mitinqlər keçirilmişdi. Rumıniya prezidenti Klaus İohannis mitinqçiləri dəstəkləmək məqsədilə aksiyaya qoşulmuşdu. Dövlət başçısı bu məsələnin referendum yolu ilə həllinin tərəfdarı olduğunu bildirib və sözügedən məsələ ilə bağlı ölkə parlamentinə - Senat və Deputatlar Palatasına məktubla müraciət edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi