Rubio İranla danışıqlarda irəliləyiş olduğunu bildirib

Digər ölkələr
  • 27 mart, 2026
  • 00:08
Rubio İranla danışıqlarda irəliləyiş olduğunu bildirib

Vaşinqton və Tehran arasındakı danışıqlar prosesində müəyyən irəliləyiş əldə olunub.

"Report" CNN telekanalına istinadən xəbər verir ki, bunu ABŞ-nin Dövlət katibi Marko Rubio bildirib.

"Mesajların ötürülməsini həyata keçirən vasitəçi ölkələr var və irəliləyiş, müəyyən konkret irəliləyiş əldə olunub", - ABŞ Dövlət Departamentinin rəhbəri qeyd edib.

Bununla belə, telekanal qeyd edib ki, Rubio İran tərəfində dialoqun məhz kiminlə aparıldığını açıqlamayıb. O vurğulayıb ki, danışıqlar prosesi "fasiləsiz və dinamik xarakter" daşıyır.

Dövlət Departamentinin rəhbəri həmçinin hesab edib ki, digər ölkələr Hörmüz boğazı vasitəsilə gəmiçiliyin bərpasında maraqlı olmalıdırlar.

"Digər dövlətlər oradan bizə nisbətən xeyli çox yanacaq əldə edirlər", - ABŞ Dövlət katibi bildirib.

Daha əvvəl ABŞ-nin Yaxın Şərq münaqişəsinə son qoymaq üçün İran hakimiyyətinə 15 maddəlik plan göndərdiyi bildirilib.

Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı birgə əməliyyat başlatmasından qısa müddət sonra İsrail Müdafiə Qüvvələri ilə "Hizbullah" arasında silahlı qarşıdurma yenidən başladı. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.