Cümə axşamı Qüdsdə törədilən terror aktı nəticəsində ölənlərin sayı 4-ə çatıb, daha bir neçə nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə İsrailin “The Times of Israel” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, silahlı yaraqlıların Qüdsdə avtobus dayanacağına hücumu zamanı biri ağır olmaqla 5 nəfər yaralanıb.
Qəzet həmçinin bildirir ki, öldürülənlərdən biri “terrorçulara atəş açan mülki şəxsdir”. 38 yaşlı kişi "səhvən onu təcavüzkar hesab edən İsrail təhlükəsizlik qüvvələrinin atəşi" nəticəsində dünyasını dəyişib.
“The Times of Israel” polisə istinadən dəqiqləşdirir ki, noyabrın 30-da iki fələstinli yaraqlı avtobus dayanacağında insanlara atəş açıb. Yaxınlıqda olan iki İsrail əsgəri və silahlı mülki şəxs cavab atəşi açaraq iki terrorçunu öldürüb. Daha sonra hərbçilər onu hücumçu zənn edərək mülki şəxsə atəş açmağa başlayıblar.