Qaçırılmış "EgyptAir" təyyarəsinin sərnişini hadisənin təfərrüatlarını açıqlayıb

Qaçırılmış "EgyptAir" təyyarəsinin sərnişini hadisənin təfərrüatlarını açıqlayıb "Seyf ad-Din Mustafa təcrübəli cinayətkardan çox, özünü itirmiş şəxsə bənzəyirdi"
Digər ölkələr
30 Mart , 2016 10:37
Qaçırılmış EgyptAir təyyarəsinin sərnişini hadisənin təfərrüatlarını açıqlayıb

Bakı. 30 mart. REPORT.AZ/ "EgyptAir" reysi üzrə təyyarəni qaçırmış Seyf ad-Din Mustafa özünü sakit aparırdı. O ümumiyyətlə, təcrübəli cinayətkardan çox, özünü itirmiş şəxsə bənzəyirdi". "Report" xəbər verir ki, bunu "Youm7" xəbər portalına açıqlamasında həmin reyslə hərəkət edən Misir əsilli Hollandiya vətəndaşı Abdel Razek deyib.

"Təyyarə havalandıqdan az sonra stüardessa salona gəlib sərnişinlərdən pasportlarını vermələrini istədi. Bunun nə üçün lazım olduğunu soruşanda isə o, konkret cavab vermədi və həyəcanlanmağa heç bir səbəb olmadığını bildirdi. Amma yarım saat sonra təyyarə Qahirədə yerə enmədiyindən sərnişinlər stüardessadan vəziyyətə aydınlıq gətirməyi tələb etdi. O da məcbur olub təyyarənin qaçırıldığını, onu ələ keçirən şəxsin bütün sərnişinlərdən pasportların yığılmasını tələb etdiyini dedi", - deyə hadisə şahidi bildirib.

Məlum olub ki, təyyarəni qaçıran Misir vətəndaşı pilotdan Türkiyə, Yunanıstan və ya Kiprə uçmağı tələb edib. Pilot isə yanacağın yalnız Kiprə çatmağa bəs edəcəyini bildirib və belədə Seyf ad-Din Mustafa Larnakaya enişə razı olub.

"Tezliklə biz Larnakada yerə endik. Orada həmin şəxs bütün qadınlara salonu tərk etməyə imkan verdi. Göyərtədə bir neçə yaşlı insan da var idi. Onların halı pisləşdiyindən stüardessa təyyarəni ələ keçirən adamın yanına gedib vəziyyəti izah etməyə çalışdı. Sonra qayıdanda yalnız xarici vətəndaşlığı olan 3 əcnəbidən savayı, hamının çıxacağını xəbər verdi", - deyə təyyarədə olan sərnişin qeyd edib.

Onun sözlərinə görə, təyyarəni ələ keçirən şəxs özünü sakit aparıb, uçuşdan sonra tez-tez kreslosundan qalxıb, sonra stüardessanı çağıraraq üzərindəki yalançı "partlayıcı kəməri" göstərib. Hadisə şahidi S.Mustafanın bir neçə dəfə təyyarə və sərnişinləri ilə deyil, Misir hökuməti ilə probleminin olduğunu söylədiyini də vurğulayıb.

Misir Daxili İşlər Nazirliyi dünən Seyf ad-Din Mustafanın İsgəndəriyyə hava limanında hamı kimi hərtərəfli nəzarətdən keçirildiyini, yalançı "kəmər"i isə artıq təyyarədə əl yükündə olan predmetlərdən hazırladığını xəbər verib. Məlumata görə, təyyarə ekipajı "kəmər"in həqiqi olmadığından şübhələnib, amma sərnişinlərin həyatını təhlükəyə atmamaq üçün cinayətkarın tələblərini yerinə yetirməyə - Kiprə uçmağa qərar verib.

Son xəbərlər

Orphus sistemi