“Vaqner” özəl hərbi şirkətinin (ÖHŞ) başçısı Yevgeni Priqojın iyunun sonundakı qiyamdan sonra ilk videomüraciətini yayımlayıb. Ehtimal ki, Afrikada çəkilmiş videoda o, “Vaqner” ÖHŞ-nin “əsl cəngavərləri” işə götürdüyünü və “qarşıya qoyulan” tapşırıqları yerinə yetirməyə davam etdiyini deyir.
“Report” xəbər verir ki, videomüraciət “Vaqner”in teleqram kanalı olan
Kadrlarda Afrika savannasına bənzər mənzərə əks olunub. Priqojın dəqiq harada olduğunu birbaşa açıqlamasa da, Selsi üzrə +50 dərəcə istidən bəhs edib, həmçinin Afrika xalqlarının azadlığından danışıb.
“Vaqner” ÖHŞ Rusiyanı bütün qitələrdə daha böyük, Afrikanı isə daha azad edir. Afrika xalqlarına ədalət və xoşbəxtlik diləyirəm. İŞİD, “Əl-Qaidə” və digər dəstələrin başına oyun açırıq”, - çətə başçısı bildirib.
Qeyd edək ki, Yevgeni Priqojın iyunun 24-dəki qiyamdan sonra videomüraciət yayımlamayıb. O zaman o, Kremllə razılaşaraq Rusiyadan Belarusa gedib. Ancaq tezliklə yenidən Rusiyada görünüb. Onun iyunun 29-da Kremldə Prezident Vladimir Putinlə görüşdə olduğu bəlli olub. Priqojın iyulun 27-də Rusiya-Afrika sammiti zamanı Sankt-Peterburqa da səfər edib.
“The New York Times” hələ mart ayında yazırdı ki, “Vaqner” ÖHŞ Afrikada 3 500-4 500 döyüşçü saxlayır. Dəstəbaşı özü aprel ayında “Vaqner”in əsas qüvvələri Baxmut uğrunda döyüşərkən Rusiyanın Afrika qitəsinə lazımi şəkildə kömək etmədiyini bildirərək dövlət strukturlarının bu ölkələrdəki ÖHŞ-lərin işinə müdaxilə etdiyini iddia edirdi.
Bundan başqa, Nigerdəki uğurlu hərbi qiyamdan sonra Qərb KİV Nigeriya ordusunun qonşu Malidə uğurla fəaliyyət göstərən Vaqner ÖHŞ-nin dəstəyini alacağından çəkindiklərini açıqlayıb. Bu gün “Al Arabiya” telekanalı mənbələrə istinadən məlumat yayıb ki, Qərbi Afrika Ölkələri İqtisadi Birliyinə (ECOWAS) daxil olan ölkələrin hərbi aerodromları Nigerə mümkün müdaxiləyə hazırlaşır.