Yuxarı

Pan Gi Mun: BMT və Aİ Ukraynanın şərqində münaqişənin sülh yolu ilə həllinə birgə nail olmalıdırlar

BMT baş katibi Təhlükəsizlik Şurasının iclasında çıxış edib

Bakı. 10 mart. REPORT.AZ/ Ukraynanın şərqindəki münaqişə Avropa regionu və hətta bütün dünya ölkələri üçün təhlükədir. "Report" xəbər verir ki, bu barədə BMT baş katibi Pan Gi Mun Təhlükəsizlik Şurasının regional təşkilatlarla əməkdaşlığa həsr olunan iclasında çıxışı zaman bildirib. İclasda Avropa İttifaqının xarici işlər üzrə ali nümayəndəsi Federika Mogerini də iştirak edib. 

"BMT və Avropa İttifaqı Ukraynanın şərqində müşahidə olunan və yalnız ölkə üçün deyil, bütün Avropa regionu və hətta beynəlxalq sülh və təhlükəsizliyə maniə yaradan  münaqişənin sülh yolu ilə həll olunmasına birgə nail olmalıdırlar", - Pan Gi Mun qeyd edib. 

Baş katib vurğulayıb ki, bu gün heç bir beynəlxalq təşkilat təkbaşına müasir dövrdəki problemlərin öhdəsindən gələ bilməz. 

O, BMT və Avropa İttifaqı arasında sıx əməkdaşlığı qeyd edib və bildirib ki, hər iki təşkilat eyni dəyərləri dəstəkləyir və münaqişələrin qarşısının alınması məqsədilə təhlükəsizlik sahəsində problemlərin sülh yolu ilə kollektiv şəkildə həllinin tərəfdarıdır. 

"BMT Avropa İttifaqı və digər tərəfdaşları ilə Avropanın daxilində və xaricində terrorçulara qarşı mübarizə aparılması ilə bağlı birgə fəaliyyətə böyük əhəmiyyət verir", - Pan Gi Mun bəyan edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi