Pakistanda qatarın yaraqlılar tərəfindən ələ keçirilməsi zamanı azı 10 nəfər ölüb - YENİLƏNİB

Digər ölkələr
  • 12 mart, 2025
  • 12:42
Pakistanda qatarın yaraqlılar tərəfindən ələ keçirilməsi zamanı azı 10 nəfər ölüb - YENİLƏNİB

Pakistanda sərnişin qatarının yaraqlılar tərəfindən ələ keçirilməsi zamanı azı 10 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə "Dawn" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, qatarın maşinisti və azı səkkiz təhlükəsizlik xidməti əməkdaşı həlak olub. Nəşr vurğulayıb ki, ölənlərin sayı rəsmi hələ açıqlanmayıb. Bundan əlavə, əməliyyat tədbirləri başladıqdan sonra 37 nəfər xəstəxanaya yerləşdirilib.

09:49

Pakistan təhlükəsizlik qüvvələri “Bəlucistan Azadlıq Ordusu”nun yaraqlıları tərəfindən ələ keçirilən qatarın girov saxlanılan azı 155 sərnişinini azad edib, 30-a yaxın ekstremisti öldürüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Geo” telekanalı məlumat yayıb.

Təhlükəsizlik qurumlarındakı mənbələr bildiriblər ki, digər sərnişinlərin azad edilməsi ilə bağlı əməliyyatı davam etdirirlər. Hücumda iştirak edən yaraqlıların dəqiq sayı məlum deyil. Həmçinin bildirilib ki, azad edilmiş 17 girov təcili tibbi yardım göstərilməsi üçün xəstəxanaya yerləşdirilib.

Telekanalın məlumatına görə, hücum edənlər qatarı Əfqanıstan və İran sərhədləri yaxınlığındakı ucqar bir bölgəyə aparıblar. Girovların azad edilməsi üçün xüsusi əməliyyat başladıqdan sonra döyüşçülər kiçik qruplara bölünüblər. Təhlükəsizlik qurumlarındakı mənbələr iddia edir ki, ekstremistlər peyk telefonlarından istifadə edirlər və Əfqanıstanda olduğu güman edilən hücumun təşkilatçıları ilə əlaqə saxlayırlar.

Qeyd edək ki, martın 11-də günorta saatlarında silahlılar qatarda 450 sərnişini girov götürüblər. Onlar dəmiryol relslərini partladıb, sonra qatara atəş açıblar. Qatarın maşinisti yaralanıb.

Son xəbərlər

Bütün Xəbər Lenti