“Etimad mühitini, qarşılıqlı anlaşmanı və sabitliyi bərpa etmək üçün böyük işlər görülməlidir. Çünki Qaraqalpaqıstanda baş vermiş hadisələr nəticəsində ölən və yaralıların olması yaddaşlarda iz qoymaya bilməz".
Bunu “Report”a müstəqil özkəkistanlı ekspert Oleq Qolişnikov Qaraqalpaqıstanda baş vermiş iğtişaşları şərh edərkən bildirib.
“Hazırda vəziyyət normallaşıb, hökumət qısa müddət ərzində vəziyyətə nəzarəti ələ almağa bacarıb. Təhlükəsizliyi və nizam-intizamı təmin etmək üçün orada fövqəladə vəziyyət elan edilib. Bu vəziyyət avqustun əvvəlinədək davam edəcək”, - ekspert deyib.
Onun sözlərinə görə, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Nukusa səfərləri vəziyyətin tezliklə sabitləşməsində vacib rol oynadı: “O, işini vətəndaşların hüquq və azadlıqlarının, Konstitusiyanın və Özbəkistan Respublikasının qanunlarının qarantı kimi gördü. Ümumilikdə, hesab edirəm ki, hökumət bu vəziyyətdən düzgün nəticə çıxaracaq. Bura həm də ölkənin əsas qanunlarına düzəlişlərin edilməsi kimi vacib ictimai-siyasi hadisələr öncəsi əhalinin müxtəlif qrupları ilə əlaqənin düzgün şəkildə qurulması da daxildir”.
Ekspert vurğulayıb ki, gələcəkdə böhran vəziyyətlərinin qarşısının alınması məqsədilə qəbul edilən qərarların mümkün fəsadları dərindən araşdırılmalıdır: “Burada qiymətləndirmə baxımından şişirtmə və layiqincə qiymətləndirməməyə yol verilməməlidir. Əks halda, “qaşınmayan yerdən qan çıxarmaq” mümkündür. Sosial sorğular keçirən və cəmiyyətdəki əhvalı müəyyən edən təşkilatların (o cümlədən, müstəqil təşkilatların) inkişafına xüsusi diqqət ayrılmalıdır”.
“Yerli mətbuatın hadisələri vaxtlı-vaxtında və obyektiv şəkildə işıqlandırması mühüm əhəmiyyət kəsb edir, əks halda, informasiya boşluğunu digər məlumatlar, o cümlədən, “feyk” məlumatlar tuta bilər. Hökumətin vəzifəsi qeyri-konstruktiv qüvvələrin, o cümlədən xarici qüvvələrin vəziyyətdən öz məqsədləri üçün istifadə etməsinə imkan verməməkdir. Müstəqillik tariximiz boyu Daşkənd hər zaman Özbəkistanın mərkəzi olub. Bu, hazırda da belədir və bundan sonra da belə olacaq”, - ekspert diqqətə çatdırıb.