Bakı. 3 dekabr. REPORT.AZ/ Nigeriyanın mərkəzi hissəsindəki Niger ştatının Teqil şəhərində dizel yanacağını daşıyan yük maşınının partlaması nəticəsində 14 nəfər həlak olub.
"Report" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi yerli polisə istinadən məlumat yayıb.
Məlumata görə, hadisəyə səbəb yük maşınının sürücüsünün idarəetməni itirməsi olub. Niger ştatının polis nümayəndəsi Bala Elkan bildirib ki, avtomobil başqa maşınla toqquşduqdan sonra onun çəni deşilib.
Yaşayış binasına çırpılmış sisterndə yanğın baş verib. .
"Evlərin sakinləri, həmçinin yolun kənarında ticarətlə məşğul olan tacirlər hadisənin qurbanı olublar. Fakt üzrə araşdırma başlanıb. Polis hadisənin səbəblərini aydınlaşdırmalıdır", - deyə o əlavə edib.