Myanmada hərbi çevriliş nəticəsində ölkənin idarə edilməsindən uzaqlaşdırılan, keçmiş dövlət müşaviri, Nobel Sülh mükafatı laureatı Aun San Su Çji 164 il müddətinə həbs oluna bilər.
“Report” xəbər verir ki, məlumatı “The Irrawaddy” qəzeti yayıb.
Bildirilib ki, əvvəllər orduda iğtişaş yaratmaqda və sanitar normaları pozmaqda günahkar bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilən Aun San Su Çji korrupsiya ilə bağlı daha 5 maddə üzrə ittiham olunur.
O, fövqəladə hallarda və başqa təbii fəlakətlər zamanı istifadə edilmək üçün icarəyə götürülən və alınan helikopterlə bağlı məsələdə ittiham olunur.
Qeyd edək ki, 2021-ci il fevralın 1-də Myanmada hərbi çevriliş olub. Ölkədə bir il müddətinə fövqəladə vəziyyət elan edilib. Myanma Prezidenti Vin Mina və dövlət müşaviri Aun San Su Çji də daxil olmaqla müxtəlif mülki vəzifəli şəxslər həbs edilib.
Xatırladaq ki, 77 yaşlı siyasətçi Aun San Su Çji “Demokratiya uğrunda Milli Liqa”nın lideridir. O, 1991-ci ildə Nobel Sülh mükafatına layiq görülüb.
Aun San Su Çji 2016-2021-ci illərdə Myanmanın XİN rəhbəri və dövlət müşaviri (baş nazir statusuna uyğun) vəzifəsini tutub.