Yuxarı

"Metyu" qasırğası qurbanlarının sayı 339 nəfəri ötüb - YENİLƏNİB-2

Ölənlərin əksəriyyəti Haiti sakinləridir

Bakı. 7 oktyabr. REPORT.AZ/ "Metyu" qasırğasından ölənlərin sayı 339 nəfərə çatıb. 

"Report" xəbər verir ki, bu barədə "Reuters" yerli dövlət orqanlarına istinadən məlumat yayıb.

Bununla yanaşı, ABŞ-ın Florida ştatında da 10 minlərlə insan işıqsız qalıb. Təkcə Palm-Biçdə 24 min insan elektrik enerjisindən məhrum olub.

"Metyu" 2007-ci ildən sonra Atlantik okeanında ən güclü təbii fəlakət sayılır. Qasırğa Kubanın şərq sahillərinə də böyük ziyan vurub. Lakin hələlik qurbanların sayı barədə məlumat verilmir.

Kubanın hakimiyyət orqanları təbii fəlakət zonasından 1 milyondan çox insanı təxliyə ediblər.


***05:06

Haitinin Cənub Departamentində "Metyu" qasırğasından ölənlərin sayı 283 nəfəri ötüb.

"Report" xəbər verir ki, bu barədə "Radio Television Caraibes." məlumat yayıb.

Məlumatda bildirilir ki, təbii fəlakət zamanı onlarla insan xəsarət alıb.

Ən çox ölənlər Şantal kommunasının payına düşür. Burada 90 nəfər təbii fəlakətin qurbanı olub. Həmçinin Lez-Anqledə 85 nəfər qasırğa zamanı dünyasını dəyişib.

Təbii fəlakət 35 minə yaxın insanı evsiz-eşiksiz qoyub. Axtarış-xilasetmə işləri davam etdirilir. 

Qasırğa ölkənin cənub-qərbindəki Qrand-Ans departamentinin Jeremi şəhərini tamamilə dağıdıb. 


***03:49

"Metyu" qasırğası zamanı ölənlərin sayı 261 nəfərə çatıb.

"Report"un məlumatına görə, bu barədə "RİA Novosti" agentliyi xəbər yayıb.

Bundan əvvəlki məlumatda ölənlərin əksəriyyətinin Haiti sakinləri olduğu vurğulanırdı. Bildirilirdi ki, burda 130-dan çox adam təbii fəlakətin qurbanı olub.

Qeyd edək ki, dünən ümumilikdə 140 nəfərin qasırğanın qurbanı olduğu bildirilirdi.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi