"Müharibə başlayandan demək olar, hər gün bizi bombalayırlar. Əsasən kassetli mərmilərdən istifadə olunur".
Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında Ukraynanın hazırda Rusiya tərəfindən aramsız hücumlarına məruz qalan şəhərlərindən olan Nikolayevin meri Aleksandr Senkeviç bildirib.
O deyib ki, müharibənin əvvəlindən Nikolayevdə 56 dinc sakin öldürülüb, 317 nəfər isə yaralanıb:
"Nikolayev şəhərinin sahəsi təqribən 260 kvadrat kilometrdir. Şəhərdə, təxminən, 3 300 çoxmərtəbəli bina var. Hərbi əməliyyatlar zamanı 317 binaya müəyyən dərəcədə ziyan dəyib. 60-a yaxın bina, tikili tam dağıdılıb və bərpa işləri aparmaq belə münasib deyil. Təkcə idarəolunan qanadlı raketlə vurulan Vilayət Dövlət Administrasiyasının binasında 36 nəfər həlak olub. Onlardan 34-nün meyiti dağıntılar altında aşkar edilib, 2-si isə aldığı müxtəlif dərəcəli xəsarətlər səbəbindən xəstəxanada keçinib. Ölənlərin 4-ü mühafizə xidmətinin əməkdaşı idi. Digərləri isə Vilayət Dövlət Administrasiyasında çalışan adi ofis işçiləri olub. Məsələn, 2 qız Təsərrüfat Məhkəməsinin əməkdaşı idi və binanın yuxarı mərtəbələrində yerləşən məhkəmə ofisində işləyirdi. Bir sözlə, binada olanların hamısı humanitar məsələlər, yəni vilayətdən təxliyə işləri ilə məşğul olurdular".
Mer vurğulayıb ki, hazırda əhalinin, təqribən, 35 faizi şəhəri tərk edib: "Dəqiq sayı deyə bilmərik. Amma daşınan zibilin və istehlak olunan suyun həcmi əsasında müəyyən qənaətə gəlmək olur. Bu iki parametr əsasında Nikolayev şəhərinin əhalisinin 35 faizinin şəhəri tərk etdiyini müəyyənləşdirmək olar".