Meksikanın cənub-şərqində yerləşən Tabasko ştatının Vilyaermosa şəhərindəki bara silahlı şəxslərin hücumu nəticəsində azı 6 nəfər həlak olub, 10 nəfər xəsarət alıb.
“Report” xəbər verir ki, bu barədə “TabascoHoy” nəşri ştatın baş prokurorluğuna istinadən bildirib.
Qeyd olunub ki, silahlı şəxslər “Dbar” adlı bara orada olan müştərilərdən birini axtarmaq üçün daxil olublar və daha sonra atəş açıblar. Nəticədə 5 nəfər hadisə yerində həlak olub, daha 1 nəfər sonradan xəstəxanada ölüb. 10 nəfər yaralanıb.
Meksikanın ictimai təhlükəsizlik və vətəndaşların müdafiəsi naziri Omar Qarsiya Xarfuş sosial şəbəkədə bildirib ki, “federal hakimiyyət orqanları ştatın təhlükəsizlik və hüquq-mühafizə orqanları ilə koordinasiyada bu zorakılıq aktının şəraitinin araşdırılmasına kömək edir”.