Bazar ertəsi Mayota səfərindən sonra Fransa prezidenti Emmanuel Makron Hind okeanı turnesini davam etdirir. O, çikunqunya epidemiyası və dağıdıcı "Qarans" siklonunun fəsadları ilə mübarizənin davam etdiyi Reyunyon adasına gəlib.
“Report” Fransanın BFM kanalına istinadən xəbər verir ki, o, adada Fransanın ABŞ, Çin və Hindistanla yanaşı özünü regional güc kimi təqdim etməyə çalışdığı Hind-Sakit okean zonasında "Reyunyonun strateji rolunu" təsdiqləyib.
Reyunyonda Fransa lideri epidemiya ilə mübarizə tədbirlərini və siklondan sonra bərpa planını müzakirə edəcək.
Bundan əvvəl Mayotda olarkən o, dekabr ayında "Şido" siklonunun məhv etdiyi Fransanın ən kasıb departamentinin "bərpası" planının maliyyələşdirilməsi üçün altı il ərzində üç milyard avrodan çox vəsaitin ayrılacağını elan edib.
Pələng ağcaqanadı tərəfindən ötürülən, ilin əvvəlindən altı ölüm hadisəsinə səbəb olan və potensial olaraq 100 min nəfərə və ya hər doqquzuncu sakinə təsir edən yoluxucu xəstəlik olan çikunqunya epidemiyası Reyunyonu cənginə alıb. Regional Səhiyyə Agentliyində keçiriləcək görüşdə Fransa Prezidentinə son günlərdə pik həddə çatan xəstəliklə bağlı vəziyyət haqqında məlumat veriləcək.
Epidemioloji vəziyyət mürəkkəb olaraq qalır, Reyunyon xəstəxana mərkəzinin baş direktoru tibb müəssisələrinin həddindən artıq yüklənməsi riski səbəbindən tibbi dəstək tələb edib.
"Fevralın 28-də Reyunyonu cənginə alan "Qarans" siklonu ilkin qiymətləndirmələrə görə, təxminən 250 milyon avro, o cümlədən təkcə kənd təsərrüfatı sektorunda 150 milyon ziyan vurub.
Hind okeanının cənub-qərbinə beş günlük turne çərçivəsində Makron həmçinin Madaqaskar və Mavrikini ziyarət edəcək.
Aprelin 24-də Madaqaskarda Hind Okeanı Komissiyasının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının beşinci sammiti keçiriləcək. Sammitdə ərzaq suverenliyi diqqət mərkəzində olacaq.
Reyunyon Madaqaskar, Mavriki, Komor və Seyşel adaları ilə birlikdə təmsil olunur. Lakin Mayot siyahıda yoxdur, çünki Komor adaları Fransa ilə müstəmləkə mübahisəsi səbəbindən arxipelaqın təşkilata inteqrasiyasına qarşı çıxır.
"Bu səfər vasitəsilə prezident regional miqyasın daha yaxşı yaşamaq, iqlim elementləri ilə mübarizəyə yüksək səviyyədə hazırlaşmaq üçün bir vasitə olduğunu göstərmək istəyir", - Yelisey sarayının məlumatında bildirilib.