Bakı. 7 dekabr. REPORT.AZ/ Los-Ancelesin Fövqəladə Halların İdarəolunması Departamenti yerli sakinlərə kritik yanğın təhlükəsi barədə təcili xəbərdarlıq edib.
"Report" "Sinhua" agentliyinə istinadən xəbər verir ki, məlumat sakinlərin mobil telefonlarına mesaj formasında göndərilib.
Mətn formalı mesajda gecə güclü küləyin yüksək yanğın təhlükəsinə gətirib çıxaracağı bildirilib.
Xatırladaq ki, dekabrın 5-də Kaliforniya ştatında meşə yanğınlarına görə fövqəladə vəziyyət elan olunub.
Cənubdakı Ventura dairəsində artıq 38 min insan evakuasiya edilib. Yanğın artıq 150-dən çox evi məhv edib, daha 3 minə yaxın bina təhlükə altındadır. Yanğın, təqribən, 20 min hektar əraziyə yayılıb.
Qonşu Los-Anceles dairəsində daha 150 min insanı başqa yerə köçürmək lazım gəlib.
Son məlumatlara görə, 5 nəfər xəsarət alıb, onlardan 3-ü yanğınsöndürəndir.





