London metrosundakı terror hücumundan sonra 18 nəfər xəstəxanaya yerləşdirilib - YENİLƏNİB-5

London metrosundakı terror hücumundan sonra 18 nəfər xəstəxanaya yerləşdirilib - YENİLƏNİB-5 Skotlend-Yard: London metrosunda işə düşən partlayıcı qurğu tamamilə partlamayıb
Digər ölkələr
15 Sentyabr , 2017 15:22
London metrosundakı terror hücumundan sonra 18 nəfər xəstəxanaya yerləşdirilib - YENİLƏNİB-5
hurriyet.com.tr

Bakı. 15 sentyabr. REPORT.AZ/ London metrosundakı terror hücumundan sonra 18 nəfər xəstəxanaya yerləşdirilib.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə təcili-tibbi yardım nümayəndəsi Nataşa Uills məlumat verib.

Öz növbəsində, Skotlend-Yard London metrosunda işə düşən partlayıcı qurğunun tamamilə partlamadığını bəyan edib.


***14:22

Böyük Britaniyanın baş naziri Tereza Mey yerli vaxtla saat 13:00-da (Bakı vaxtı ilə 16:00-da) London metrosunda törədilən terror hücumu ilə əlaqədar Fövqəladə Vəziyyətlər Komitəsinin xüsusi iclasını keçirəcək.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, COBRA komitəsinin iclası baş nazirin sədrliyi ilə baş tutacaq. Bu barədə baş nazirin ofisinin nümayəndəsi bildirib.

Qeyd edək ki, COBRA komitəsinə hökumət, təcili xidmət və xüsusi xidmət orqanlarının üzvləri daxildir.


***13:37

Böyük Britaniya polisi London metrosundakı hadisəni rəsmi olaraq terror hücumu kimi qəbul edib. 

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə yerinə terrorla mübarizə polisləri gəlib. 

Ərazidə mobil qərargah yaradılıb.

Öz növbəsində, Böyük Britaniya baş nazirinin ofisinin rəsmi nümayəndəsi deyib ki, Tereza Mey insidentlə bağlı müntəzəm qaydada yenilənmiş məlumatlar alır.


***13:13

London metrosunda baş verən partlayışdan sonra sərnişinlər arasında təşviş yaranıb.

"Report" "Qazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə şahidlər məlumat veriblər.

Partlayışdan sonra yüzdən çox sərnişin "Parsons Green" stansiyasının çıxışına doğru qaçıb və nəticədə izdiham yaranıb, bir neçə nəfər xəsarət alıb.

Şahidlər bildiriblər ki, insanlar şoka düşmüşdülər, bəziləri ağlayırdı, bir-birinə sarılırdılar.

Şahidlərdən birinin dediyinə görə, o, sakitcə qəzet oxuyub musiqi dinləyərkən qəfildən platformada hamının qaçdığını görüb.


***12:39

London metrosunun "Erls Kort" stansiyasından "Umbledon" stansiyasınadək olan "yaşıl" qolu qatarda baş vermiş insidentlə əlaqədar bağlanıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, polis insidenti araşdırdığından hazırda hər iki stansiya arasındakı hissədə qatarların hərəkəti dayandırılıb.

Paytaxtın nəqliyyat şirkəti olan "Transport for London"un məlumatına görə, avtobuslar və London monorelsi metro üçün alınmış biletləri qəbul edir.


*** 12:10

London metrosunda partlayış olub. 

“Report” xəbər verir ki, bu barədə “The Sun” qəzeti məlumat yayıb.

Hadisə "Parsons Green" stansiyasında qeydə alınıb, xeyli sayda yaralıların olduğu, bir neçə nəfərin müxtəlif dərəcəli yanıq xəsarətləri aldığı bildirilib.

Hadisə yerinə təcili yardım briqadaları və xilasedicilər cəlb olunub. 

Şahidlər qatarların birində ağ bağlamanın olduğunu və onun partladığını söyləyiblər.  

Son xəbərlər

Orphus sistemi