London ICAO-nun Rusiya ilə bağlı qərarını "tarixi" hesab edir

Digər ölkələr
  • 15 may, 2025
  • 14:52
London ICAO-nun Rusiya ilə bağlı qərarını tarixi hesab edir

Böyük Britaniya hökuməti Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Şurasının Rusiyanın 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə məsuliyyət daşıması barədə qərarını "tarixi" adlandırıb.

Bu barədə “Report” Böyük Britaniya hökumətinə istinadən xəbər verib.

"ICAO Şurasının üzvü olan dövlətlərin əksəriyyəti tarixdə ilk dəfə olaraq Rusiyanın mülki hava gəmisinə (2014-cü ilin iyulunda “Malaysian Airlines”ın MH17 reysinin qəzası) qarşı silah tətbiq etməklə Çikaqo Konvensiyasını pozduğunu etiraf edib. ICAO Şurası qəbul edilmiş qərarla Beynəlxalq Mülki Aviasiya Konvensiyasına riayət etməyə sadiqliyini təsdiqləyib və dövlətlərin daha təhlükəsiz və qorunan hava məkanını təmin etmək öhdəlikləri ilə bağlı mühüm gözləntiləri ortaya qoyub", - Britaniya hökumətinin bəyanatında qeyd olunub.

Eyni zamanda, bəyanatda qeyd olunur ki, Şuranın qəbul etdiyi bu tarixi qərar "Rusiyanın məsuliyyətsiz və təhlükəli davranışını, həmçinin dinc sakinlərin həyatına etinasız yanaşmasını" açıq şəkildə əks etdirir.

O da vurğulanıb ki, Konvensiyanın müddəalarını pozan şəxslər məsuliyyətə cəlb olunacaqlar.

"Bu, ICAO-nun 80 illik tarixində Şuranın beynəlxalq hüquqi mübahisənin mahiyyəti üzrə qərar qəbul etdiyi ilk haldır. Böyük Britaniya bu şəffaf və obyektiv prosesdə ICAO-nun nümayiş etdirdiyi qətiyyəti alqışlayır. Biz beynəlxalq hüquqa riayət olunması və hava məkanının təhlükəsizliyinin təmin edilməsi üçün səy göstərən ICAO-nu dəstəkləməyə sadiqik", - Böyük Britaniya hökuməti bildirib.

“Malaysia Airlines” aviaşirkətinə məxsus “Boeing 777” təyyarəsi 2014-cü ilin iyul ayında Ukraynanın hava məkanı üzərində vurulub. Nəticədə 298 nəfər, o cümlədən 10 Britaniya vətəndaşı həlak olub, bu aviaqəza qurbanların sayına görə ilk onluğa daxildir.

Son xəbərlər

Bütün Xəbər Lenti