Livanda 29 aydan sonra yeni prezident seçilib

Livanda 29 aydan sonra yeni prezident seçilib 128 deputatdan 83-ü onun lehinə səs verib
Digər ölkələr
31 Oktyabr , 2016 16:15
Livanda 29 aydan sonra yeni prezident seçilib

Bakı. 31 oktyabr. REPORT.AZ/ Mişel Aun Livanın yeni prezidenti seçilib.

"Report" Britaniya KİV-inə istinadən xəbər verir ki, Livan parlamentinin oktyabrın 31-də keçirilən iclasında 81 yaşlı siyasətçi, general ölkənin 13-cü prezidenti olub.

Məlumata görə, 128 deputatdan 83-ü onun lehinə səs verib.

Qeyd edək ki, Mişel Naim Aun 1935-ci ildə Livanın paytaxtı Beyrutun cənubunda yerləşən Xaret-Xrayk rayonunda doğulub. Livan siyasətinin veteranlarından olan M.Aun Livandakı "Hizbullah" qruplaşmasının müttəfiqlərindən sayılır. Onu qərbyönümlü "14 mart koalisiyası"sının lideri, qətlə yetirilən baş nazir Rafik Həririnin oğlu Saad əl-Həriri də dəstəkləyir. Qatı dindar ailədə anadan olan katolik-maronitdir. Mişel Naim Aun bu günlərdə maronitlərin baş keşişi Bşarla da görüşərək onların dəstəyini alıb.

Xatırladaq ki, 2014-cü il mayın sonundan Livan prezidentsiz qalıb. Həmin tarixdə Mişel Süleymanın prezident səlahiyyəti başa çatıb. İndiydək yeni prezidentin seçilməsi üçün 45 dəfə cəhd edilib, ancaq onların hamısı uğursuzluqla nəticələnib.

Son xəbərlər

Orphus sistemi