“ABŞ və Avropada Ukraynaya dəstəklə bağlı tərəddüd yaranıb”.
“Report” xəbər verir ki, bunu Litvanın xarici işlər naziri Qabrielius Landsberqis Avropa İttifaqına (Aİ) üzv ölkələrin xarici işlər nazirlərinin Brüsseldə keçirilən iclasından əvvəl jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Qərb müttəfiqləri Ukraynaya dəstəyi davam etdirməkdə tərəddüdlüdür: “Bu, Rusiya Prezidenti Vladimir Putində müharibədə qalib gələ biləcəyinə inam yarada bilər”.
Nazir hazırda vəziyyətin qeyri-müəyyən olduğunu diqqətə çatdırıb: “Biz çox vacib qərarlar qəbul etmək bacarığını artıq nümayiş etdirmişik. Avropa artıq liderlik nümayiş etdirib. İndi biz bunu bir daha etməliyik”.
Q.Landsberqis həmçinin Ukrayna və Rusiya arasında danışıqlara qarşı çıxıb: “İstənilən danışıqlar Moskvanın qələbəsi deməkdir”.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyunundan əks-hücum əməliyyatı keçirir.