Cənubi Koreyada keçirilən Ümumdünya Skaut Konqresinin yüzlərlə iştirakçısı uzun müddətdir ölkənin əziyyət çəkdiyi həddindən artıq isti hava səbəbindən xəstəxanaya yerləşdirilib.
Bu barədə “Report” “The Guardian”a istinadən xəbər verir.
Məlumata görə, bu həftə başlayan tədbirdə 158 ölkədən 43 min skaut iştirak edib. Ancaq elə ilk günün sonuna qədər azı 400 nəfər başağrısı, başgicəllənmə və yorğunluq kimi istiliklə bağlı simptomlarla müalicəyə ehtiyac duyub. Çərşənbə günü istiliklə əlaqəli daha 207 belə hal yaşanıb. O cümlədən, düşərgənin açılış mərasimi zamanı 108 nəfər zərər çəkib və dərhal xəstəxanaya yerləşdirilib.
Qeyd olunur ki, tədbirin keçirildiyi ərazidə təbii kölgə azdır, hər yer tent və çadırlarla örtülüdür. Eyni zamanda, havanın həftənin sonuna qədər 35 dərəcə isti səviyyəsində qalacağı gözlənilir.