ABŞ Hərbi Dəniz Qüvvələri sayca Çindən geri qalır və Pentaqon pilotsuz gəmilər hesabına geriləmənin yerini doldurmağa çalışır.
“Report” xəbər verir ki, bu barədə Kaliforniya ştatında Ronald Reyqan Prezident Fondunun təşkil etdiyi forumda çıxış edən ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Ken Kalvert deyib.
“Çin 400 gəmiyə malik olmağa yaxındır, bizdə – təxminən 290-dır. Pilotsuz gəmilərə müraciət etməyimizin səbəblərindən biri də budur. Onlar daha ucuzdur. Onlar daha çox çeviklik verir, amma yenə də daha çox gəmi qayırmağa ehtiyacımız var. Geridə qalmağımız can sıxır”, – o söyləyib.
Konqresmen həmçinin ölkəsinin bu istiqamətdə bir sıra problemlərinin də olduğunu bildirib.
“Bizim istehsalat bazası ilə bağlı problemlərimiz var, tədarük zəncirləri ilə bağlı problemlərimiz var, işçi qüvvəsi çatışmazlığı var. Bu bizə qarşıya qoyulan məqsədlərə nail olmağa imkan vermir, o cümlədən sualtı qayıqlar sahəsində”, – o vurğulayıb.