Kayrat Kambarov: Qazaxıstan gender bərabərliyinin təmin edilməsi üçün sistemli tədbirlər həyata keçirir
- 12 iyun, 2025
- 12:10
Yeniliklərdən dərhal xəbərdar olun!
Qazaxıstan ictimai həyatın bütün sahələrində kişi və qadınların bərabər hüquq və imkanlarının təmin edilməsi və cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin istənilən formasının aradan qaldırılması istiqamətində ardıcıl addımlar atır.
“Report” xəbər verir ki, bunu Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyinin Gənclər və Ailə Məsələləri Komitəsinin sədri Kayrat Kambarov Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazirlərinin və qurum rəhbərlərinin ikinci iclasında bildirib.
Onun sözlərinə görə, Qazaxıstan hökuməti rəhbər strukturlarda bərabərliyə xüsusi əhəmiyyət verir.
"Dövlət şirkətlərinin rəhbər orqanlarında qadınların xüsusi çəkisinin mərhələli şəkildə 30%-ə çatdırılması üçün tədbirlər görülür. Kişi və qadınların bərabər hüquq və imkanlarının təmin edilməsi üzrə milli fəaliyyət planı həyata keçirilir. Bu prosesdə prezident yanında Qadınlar, Ailə və Demoqrafik Siyasət üzrə Milli Komissiya mühüm rol oynayır", - K.Kambarov qeyd edib.
O, həmçinin vurğulayıb ki, ölkənin hər bir regionunda regional komissiyalar fəaliyyət göstərir və keçən il Qazaxıstan Prezidentinin tapşırığı ilə gender bərabərliyi məsələləri üzrə ştatdankənar müşavirlər təyin edilib. Onların arasında vətəndaş cəmiyyətinin nümayəndələri, ekspertlər və biznes icmaları yer alır.
K.Kambarov əlavə edib ki, siyasi partiyaların nəzdində qadın liderliyinin inkişafı və ictimai-siyasi həyatda qadınların rolunun gücləndirilməsi ideyalarını təşviq edən qadın şuraları da fəaliyyət göstərir.