ABŞ-ın İndiana ştatının sakini Noa Qrin Konqresin binasına hücumun təqsirkarı hesab edilir.
“Report” xəbər verir ki, bu barədə MSNBC telekanalı bildirib.
Məlumata görə, Qrinin 25 yaşı varmış. O, feysbukdakı səhifəsində radikal islamçılığa dəstəyini ifadə edib.
NBC telekanalı isə ABŞ-ın hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən xəbər verib ki, Qrin bu yaxınlarda səhhətindəki problemlərə görə iş yerini itirib.
Qeyd edək ki, daha əvvəl bir nəfər Kapitolidə avtomobili ilə iki nəfərə hücum edib. O, sonra maşından düşərək hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücum edib. Nəticədə 2 polis əməkdaşı xəsarət alıb. Asayiş keşikçiləri ona atəş açıblar. Silahlı insdient zamanı ümumilikdə 3 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisəni törədən sürücü və polis əməkdaşlarından biri xəstəxanada ölüb.
Paytaxt polisinin rəhbəri Robert Kontinin bəyanatından sonra Kapitoli ərazisindəki məhdudiyyətlər ləğv edilib. Vaşinqton polisinin rəhbəri eyni zamanda bildirib ki, Kapitolidə hadisə terrorizmlə bağlı deyil.
Polis əməkdaşının həlak olması ilə əlaqədar ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Kapitolidə bayraqları endirməyi əmr edib. Eyni zamanda ABŞ rəhbəri Cozef Bayden də bütün hökumət binalarında, hərbi bazalarda, gəmilərdə və Birləşmiş Ştatların xarici ölkələrdəki səfirliklərində bayraqların endirilməsini tapşırıb.