Bakı. 13 noyabr. REPORT.AZ/ Kanadanın baş naziri Castin Tryudo bildirib ki, ölkənin xüsusi xidmət əməkdaşları Türkiyədə qətlə yetirilmiş səudiyyəli jurnalist Camal Qaşıqçının işi üzrə səs yazısı ilə tanış olublar.
Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.
"Kanadanın xüsusi xidmət orqanlarının əməkdaşları türkiyəli həmkarları ilə bu iş üzrə birgə əsaslı iş aparır. Kanada Türkiyədən verilən işlə tam tanış olub", - deyə o bildirib.
Daha əvvəllər KİV Türkiyədə jurnalistin ölümünü təsdiq edən səs yazılarının mövcud olduğunu və bu barədə ABŞ-ı məlumatlandırdığını xəbər verib. Camal Qaşıqçı Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda oktyabrın 2-də qətlə yetirilib. Oktyabrın 20-də Səudiyyə Ərəbistanı rəsmiləri jurnalistin krallığın Baş Konsulluğunda qarşıdurma zamanı öldürüldüyünü bildiriblər.
Sonradan Ər-Riyad rəsmiləri bildirib ki, jurnalistin qətli əvvəldən planlaşdırılıb.