Kanada ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın Kanada mallarına tariflər tətbiq edəcəyi halda bu ölkənin polad və keramika məhsullarına, o cümlədən unitaz və çanaqlara, həmçinin portağal şirəsinə ticarət rüsumlarının tətbiqini nəzərdən keçirir.
“Report” xəbər verir ki, bu barədə “Globe and Mail” qəzeti hökumətdəki mənbəyə istinadən məlumat yayıb.
"Kanada Amerikada istehsal olunan geniş çeşidli mallara, o cümlədən portağal şirəsi, keramika məmulatları, məsələn, unitaz və çanaqlara, həmçinin bəzi polad məmulatlara cavab rüsumlarının tətbiqini nəzərdən keçirir", - qəzetin materialında bildirilir.
Mənbənin məlumatına görə, rüsumların tətbiq edilməsinin nəzərdə tutulduğu malların siyahısı hələ hazırlanma mərhələsindədir. Bundan başqa, Kanada hökuməti şüşə məmulatlar, güllər və bəzi plastik məmulatlara da tariflər tətbiq etməyi nəzərdən keçirir.
Kanadanın Baş naziri Castin Trüdo dekabrın 10-da bəyan edib ki, əgər Tramp Kanada mallarına 25 % rüsum tətbiq etməyə qərar verərsə, Ottava buna müvafiq cavab verəcək.