Bakı. 7 avqust. REPORT.AZ/ Kabildə minalanmış yük maşınının partladılması nəticəsində yaralananların sayı 400 nəfərə çatıb. Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.
Qeyd edək ki, qurbanların sayı barədə ziddiyyətli məlumatlar verilir. Bir qədər əvvəl "Reuters" agentliyi 15 nəfərin həlak olduğu barədə məlumat vermişdi, digər KİV-lərdə partlayış nəticəsində yeddi və ya səkkiz insanın öldüyü bildirilir.
Partlayış Əfqanıstan paytaxtının şərqində Şah Şahid məhəlləsində baş verib. Ehtimal edilir ki, terror hücumunun hədəfi bu ərazidə yerləşən Müdafiə Nazirliyinin obyektlərindən biri olub. Partlayış nəticəsində bir neçə binada dağıntılar baş verib və həmin dağıntılar altında insanların qala biləcəyi istisna edilmir.