İsveçrənin ikinci ən böyük bankı olan “Credit Suisse”in İdarə Heyətinin sədri Antonio Orta-Osorio 2021-ci ildə COVID məhdudiyyətlərini 2 dəfə pozduğuna görə istefaya gedib.
“Report” BBC-yə istinadən xəbər verir ki, onu bu vəzifədə Aksel Leman əvəz edib.
Orta-Osorio banka və onun bankı təmsil etməsinə xələl gətirmiş bəzi hərəkətlərindən peşman olduğunu bildirib.
Onunla bağlı aparılmış daxili araşdırma zamanı məlum olub ki, iyul ayında Antonio Orta-Osorio karantin tələbinə riayət etmədən Uimbldon tennis turnirinin yarımfinalında tamaşaçı qismində iştirak edib. O, noyabr ayında isə İsveçrədə 10-günlük karantin qaydasını pozub.
Xatırladaq ki, Antonio Orta-Osorio 2021-ci ilin aprel ayından etibarən “Credit Suisse”in İdarə Heyətinin sədri vəzifəsini icra edib.