İsrailin Azərbaycandakı səfirliyi fəaliyyətini bərpa edib - YENİLƏNİB-3

İsrailin Azərbaycandakı səfirliyi fəaliyyətini bərpa edib - YENİLƏNİB-3 ABŞ-dakı səfirliyin ardından İsrailin bir neçə ölkədəki diplomatik nümayəndəlikləri də tətil elan edib.
Digər ölkələr
27 Mart , 2023 21:51
İsrailin Azərbaycandakı səfirliyi fəaliyyətini bərpa edib - YENİLƏNİB-3

İsrailin Azərbaycandakı səfirliyi işini qısa müddətə dayandırdıqdan sonra fəaliyyətini bərpa edib.

Bu barədə "Report"a səfirlikdən məlumat verilib.

"Tətil bitib və biz normal fəaliyyətə qayıtdıq", - diplomatik nümayəndəlikdən bildiriblər.

Bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu və ölkənin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir ölkədə kütləvi etirazlara səbəb olan məhkəmə islahatlarını dayandırmaq barədə razılığa gəliblər. 

20:51

İsrailin Azərbaycandakı səfirliyi fəaliyyətini dayandırıb.

Bu barədə "Report"a səfirlikdən məlumat verilib.

Qeyd olunub ki, səfirlik əməkdaşları həmkarlar ittifaqının bütün dövlət qulluqçularının məhkəmə islahatlarına etiraz etmək üçün meydana çıxmaq barədə çağırışına qoşulublar.

Bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu və ölkənin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir ölkədə kütləvi etirazlara səbəb olan məhkəmə islahatlarını dayandırmaq barədə razılığa gəliblər. Ben-Qvirin rəhbərlik etdiyi "Yəhudi Gücü" partiyasından bildirilib ki, koalisiya məsləhətləşmələrindən sonra parlamentdə məhkəmə islahatlarının təsdiqini yay sessiyasına qədər təxirə salmaq qərara alınıb. Bundan əvvəl Ben-Qvir təxirə salınmanın qəti əleyhinə idi. Bunun müqabilində də Netanyahu yeni güc strukturunun - Milli Qvardiyanın formalaşmasına razılıq verib. Yeni struktur Ben-Qvirin rəhbərlik etdiyi Milli Təhlükəsizlik Nazirliyinin nəzarətinə veriləcək.

Martın 26-da İsraildə məhkəmə sistemindəki dəyişikliklərə qarşı kütləvi etirazlar başlayıb. 600 mindən çox insan küçələrə axışıb.

17:51

ABŞ-dakı səfirliyin ardından İsrailin bir neçə ölkədəki diplomatik nümayəndəlikləri də tətil elan edib. 

“Report” “Röyters”ə istinadən xəbər verir ki, İsrailin Fransa, Belçika, Cənubi Afrika Respublikası (CAR), Estoniya və Finlandiyadakı səfirlikləri də bu gün işləməyəcək.  

Diplomatik nümayəndəliklər yalnız fövqəladə xidmətlər göstərəcəklər.

16:56

İsrailin ABŞ-dakı səfirliyi fəaliyyətini müvəqqəti dayandırıb. 

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrailin ABŞ-dakı diplomatik missiyasından bildirilib.

Qeyd olunub ki, səfirlik əməkdaşları həmkarlar ittifaqının bütün dövlət qulluqçularının məhkəmə islahatlarına etiraz etmək üçün meydana çıxmaq barədə çağırışına qoşulublar.

Məlumata görə, İsrailin ən böyük həmkarlar ittifaqı Histadrut bütün dövlət qulluqçularına, o cümlədən diplomatik nümayəndəliklərə tətil elan etməyi tapşırıb. Bu çağırış İsrailin xaricdəki bütün səfirlik, konsulluq və təmsilçiklərinə də aiddir.

Ölkənin Vaşinqtondakı səfirliyi növbəti qərara qədər bağlı qalacaq, həmçinin konsulluq xidməti göstərilməyəcək.

Qeyd edək ki, 2022-ci il dekabrın 22-də İsrailin “Likud” Partiyasının sədri Benyamin Netanyahu yeni koalision hökumət formalaşdırıb. 

Bu ilin yanvar ayında Baş nazir Ali Məhkəmənin səlahiyyətlərinin məhdudlaşdırılmasını və icra hakimiyyəti orqanına hakimlərin seçki prosesinə nəzarət hüququ verilməsini nəzərdə tutan qanun layihəsi təqdim edib. 

B.Netanyahu israr edirdi ki, bu islahat hakimiyyətin bütün qollarının səlahiyyətlərini balanslaşdıracaq və ölkənin siyasi sistemini daha demokratik edəcək.

Qanun layihəsi cəmiyyətin müxtəlif təbəqələrinin, o cümlədən müxalifətin narazılığına səbəb olub və buna etiraz olaraq aksiyalar başlayıb.

Hökumətin əleyhdarlarının fikrincə, Ali Məhkəmənin səlahiyyətlərinin məhdudlaşdırılmasını və icra hakimiyyətinə hakimlərin seçki prosesinə nəzarətin verilməsini nəzərdə tutan islahat İsrail dövlətçiliyinin demokratik əsaslarını sarsıdacaq. 

İsrailin müdafiə naziri Yoav Qalant martın 25-də etirazçıları dəstəkləyib. 

O, hakim koalisiyanın irəli sürdüyü və müxalifətin kütləvi etirazına səbəb olan məhkəmə islahatlarının dayandırılmasının tərəfdarı olduğunu açıq şəkildə bəyan edib. 

Martın 26-da B.Netanyahu onu istefaya göndərib. Bu qərarın elan olunmasından sonra İsraildə etirazlar daha da artıb, insanlar küçələrə çıxıblar.

Martın 27-də B.Netanyahu məhkəmə islahatlarının dayandırılacağını açıqlayıb. Baş nazir bunu Nazirlər Kabinetinə daxil olan partiyaların parlament fraksiyalarının rəhbərləri ilə görüşdən sonra bildirib.

Hökumət başçısının rəsmi açıqlaması Bakı vaxtı ilə saat 11:00-a planlaşdırılsa da, hələ də baş tutmayıb.

Son məlumata görə, nümayişçilər İsrail parlamentinin binasına daxil olublar.

Son xəbərlər

Orphus sistemi