İsrail xarici işlər nazirinin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) tarixdə ilk rəsmi səfəri iyunun 29-30-da baş tutacaq.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Gələn həftə nazir Yair Lapid İsrailin xarici işlər naziri kimi BƏƏ-yə ilk rəsmi səfərini edəcək. Lapid xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Şeyx Abdullah bin Zayed Əl Nahyanın qonağı olaraq BƏƏ-yə iki günlük səfər edəcək. O, Əbu Dabidə İsrail səfirliyinin, Dubayda isə baş konsulluğun açılışında iştirak edəcək”, - XİN-in məlumatında deyilir.
Qeyd edək ki, ötən il sentyabrın 15-də Vaşinqtonda İsrail tərəfi ABŞ-ın aktiv vasitəçiliyi ilə BƏƏ və Bəhreynlə münasibətlərin normallaşdırılmasına dair sənədləri imzalayıb. Bu müqavilələrin bağlanmasına qədər Yəhudi dövlətinin ərəb ölkələrindən yalnız Misir və İordaniya ilə diplomatik əlaqələri var idi.